Gizli maliyyə manevri: İran Mərkəzi Bankı yüz milyonlarla dolları kriptoya çevirdi
İran Mərkəzi Bankının sanksiyalardan yayınmaq və milli valyuta olan rialı dəstəkləmək məqsədilə 507 milyon ABŞ dolları dəyərində USDT (Tether) stabilkoini aldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın “Elliptic” tədqiqat agentliyinin yaydığı yeni hesabatda açıqlanıb.
Məlumata görə, bu rəqəm minimum göstəricini əks etdirir və yalnız mərkəzi bankla birbaşa əlaqəsi təsdiqlənmiş kriptovalyuta cüzdanlarını əhatə edir.
Hesabatda qeyd olunur ki, sözügedən USDT vəsaitləri İranın ən böyük kriptovalyuta birjası olan Nobitex üzərindən köçürülüb. Bu platformada stabilkoinlərin saxlanılması, dəyişdirilməsi və rial qarşılığında satılması mümkündür.
Qeyd edək ki, USDT ABŞ dollarına sabitlənmiş kriptovalyutadır və hər bir USDT-nin dəyəri təxminən 1 ABŞ dollarına bərabərdir. Bu xüsusiyyətinə görə stabilkoinlər sanksiyalar şəraitində olan ölkələr üçün maliyyə əməliyyatlarında alternativ alət kimi istifadə olunur.
18:54 22.01.2026
Oxunuş sayı: 1236