Danimarkadan sərt mesaj: Suverenlik müzakirə mövzusu deyil
Danimarkanın Baş naziri Mette Frederiksen Arktika regionunda təhlükəsizlik məsələlərinə dair mövqeyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Arktikada təhlükəsizlik təkcə Danimarkanın deyil, bütün NATO alyansının məsuliyyətidir.
Baş nazirin sözlərinə görə, bu mövzunun NATO Baş katibi ilə ABŞ Prezidenti arasında müzakirə olunması “tamamilə təbii və düzgün” yanaşmadır. Frederiksen qeyd edib ki, Danimarka Krallığı uzun müddətdir NATO-nun Arktikadakı iştirakının gücləndirilməsi üçün fəal çalışır və bu proses boyunca səylər Qrenlandiya hökuməti ilə sıx şəkildə əlaqələndirilib.
O vurğulayıb ki, Danimarka NATO ilə davamlı dialoq aparır və Mark Rutte ilə Davosda ABŞ Prezidenti ilə görüşündən əvvəl və sonra mütəmadi təmasda olub. Frederiksen bildirib ki, NATO Danimarka Krallığının mövqeyindən tam xəbərdardır.
Baş nazir əlavə edib ki, siyasi, təhlükəsizlik, investisiya və iqtisadi məsələlər müzakirə oluna bilər, lakin suverenlik mövzusu danışıqlar predmeti deyil. Onun sözlərinə görə, Danimarka və Qrenlandiya ilə bağlı məsələlərdə qərar vermək hüququ yalnız bu iki tərəfə məxsusdur.
Frederiksen sonda qeyd edib ki, Danimarka Krallığı ərazi bütövlüyünə hörmət edilməsi şərti ilə, ABŞ-nin “Qızıl Qübbə” təşəbbüsü də daxil olmaqla, Arktikada təhlükəsizliyin necə gücləndirilə biləcəyi barədə müttəfiqlərlə konstruktiv dialoqu davam etdirmək niyyətindədir.
14:24 22.01.2026
Oxunuş sayı: 1056