Aİ İrana qarşı cəbhəni genişləndirir: Yeni sanksiyalar paketi hazırlanır
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İranda davam edən etiraz aksiyalarına açıq dəstək verdiklərini və Tehran hakimiyyətinə qarşı əlavə sanksiyaların hazırlandığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fon der Leyen bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Avropa İttifaqı azadlıq tələbi ilə həyatlarını riskə atan İran vətəndaşları ilə tam həmrəydir. Onun sözlərinə görə, Avropa İttifaqı artıq insan haqlarının pozulması, nüvə silahının yayılması və İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi dəstəyə görə genişmiqyaslı sanksiyalar tətbiq edib.
“Bu gün biz İrana qarşı daha bir mühüm addım ataraq, dron və raket texnologiyalarının əlavə ixracının qadağan edilməsini təklif edirik”, – deyə Avropa Komissiyasının sədri vurğulayıb.
Fon der Leyen qeyd edib ki, Aİ-nin ali nümayəndəsi Kaya Kallas ilə birlikdə İran hakimiyyətinin etirazçılara qarşı davam edən və sərt repressiyalarına cavab olaraq yeni sanksiyalar paketinin hazırlanması üzərində işləyirlər.
Rəsmi Brüssel bildirib ki, məqsəd İran rejiminə siyasi və iqtisadi təzyiqi artırmaqla insan haqlarının pozulmasının qarşısını almaqdır. Yeni sanksiyaların yaxın vaxtlarda Aİ gündəminə çıxarılacağı gözlənilir.
14:52 21.01.2026
Oxunuş sayı: 1140