Vaşinqton SƏRT XƏBƏRDARLIQ ETDİ
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Suriyanın Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Mazlum Abdini sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Middle East Eye məlumat yayıb.
Məlumata görə, tənqid Ərbil şəhərində keçirilən qapalı görüş zamanı səsləndirilib. Görüş Suriya hökuməti ilə SDQ arasında atəşkəsin elan edilməsindən bir gün əvvəl baş tutub.
Barrack Mazlum Abdini İsraili Suriyanın daxili münaqişəsinə cəlb etməyə cəhd göstərməkdə ittiham edib və bunun “qəbuledilməz və təhlükəli” olduğunu bildirib. ABŞ nümayəndəsinin sözlərinə görə, İsrailin bu prosesə qoşulması region üçün dağıdıcı nəticələrə səbəb ola və Türkiyə ilə İsrail arasında ciddi gərginlik yarada bilər.
“Siz İsraili münaqişəyə çəkməyə çalışırsınız, amma bu baş verməyəcək ” – deyə Barrak Abdiyə xəbərdarlıq edib.
ABŞ nümayəndəsi həmçinin qeyd edib ki, Mazlum Abdi hələ də Suriyada Bəşər Əsədin hakimiyyətdə olduğu dövrdəki yanaşma ilə hərəkət edir. Onun sözlərinə görə, SDQ rəhbəri “Suriyanı sanki hələ də Əsəd idarə edirmiş kimi” idarə etməyə çalışır.
Məlumatda bildirilir ki, Vaşinqton regionda balansın qorunmasına xüsusi önəm verir və üçüncü tərəflərin münaqişəyə cəlb edilməsini riskli hesab edir.
14:44 21.01.2026
Oxunuş sayı: 1430