İran XİN rəhbəri ABŞ-ni daxili işlərə müdaxilədə ittiham etdi
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-nin İranın daxili işlərinə müdaxilə etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “İranın səsi” internet qəzetində dərc olunan məqalədə yazılıb.
Əraqçinin sözlərinə görə, yanvarın 18–20-də İranda baş verən hadisələr təsadüfi iğtişaşlar deyil, “ABŞ və İsrail rejimi tərəfindən dəstəklənən” planlı layihənin tərkib hissəsidir. Nazir iddia edib ki, bu mövqe etibarlı sübutlarla, o cümlədən “terrorçu elementlərin” xarici dövlətlərdən təlim, silah və maddi-texniki dəstək almasına dair məlumatlarla təsdiqlənir.
XİN rəhbəri vurğulayıb ki, İranın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə edilən hücumlar 1961 və 1963-cü illərə aid Diplomatik və Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyalarının açıq şəkildə pozulmasıdır. Onun fikrincə, bu faktlar ABŞ-nin beynəlxalq hüquqa riayət etməsi məsələsini şübhə altına alır.
Əraqçi əlavə edib ki, ABŞ-nin bu hadisələrə müdaxiləsi, üsyançılara dəstək verməsi, İrana qarşı güc tətbiqi ilə bağlı ictimai təhdidlər və ABŞ prezidentinin birbaşa çıxışları beynəlxalq hüququn əsas prinsiplərini, xüsusilə suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini pozur.
Məqalədə qeyd olunur ki, İran beynəlxalq ictimaiyyəti ABŞ-nin davranışlarına diqqət yetirməyə çağırır. Nazir bildirib ki, Tehran İranda zorakılıq və dağıntılara səbəb olan hərəkətlərlə bağlı məsuliyyətin müəyyən edilməsi üçün ABŞ-yə qarşı hüquqi tədbirləri davam etdirəcək.
Sonda vurğulanıb ki, İran Xarici İşlər Nazirliyi müdaxilə faktlarını sənədləşdirməyi davam etdirir və beynəlxalq, eləcə də milli məhkəmələrdə iddialar qaldırmağa hazırlaşır.
14:27 21.01.2026
Oxunuş sayı: 1102