Davosda qlobal nizam TƏNQİD EDİLDİ: Artıq qırılma nöqtəsindəyik
Kanadanın Baş naziri Mark Karni Davosda keçirilən "World Economic Forum" çərçivəsində çıxışı zamanı mövcud qlobal sistemlə bağlı sərt və tənqidi mövqe ortaya qoyub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Karni bildirib ki, “qaydalara əsaslanan beynəlxalq nizam” anlayışının qismən saxta olduğu artıq uzun müddətdir məlum idi. Onun sözlərinə görə, beynəlxalq hüquq bütün hallarda bərabər tətbiq olunmur və bu, təqsirləndirilənin və ya qurbanın kimliyindən asılı olaraq dəyişir.
Baş nazir qeyd edib ki, mövcud sistem uzun illər ərzində işlək olub, çünki ABŞ hegemoniyasının yaratdığı müəyyən imtiyazlar mövcud idi. “Bu səbəbdən vitrində bu lövhəni saxladıq, rituallara qatıldıq və ritorika ilə reallıq arasındakı dərin fərqi böyük ölçüdə görməzdən gəldik”, – deyə Karni vurğulayıb.
Onun fikrincə, bu razılaşma artıq fəaliyyət göstərmir. Kanada lideri açıq şəkildə bildirib ki, dünya sadəcə keçid mərhələsində deyil, fundamental bir qırılma nöqtəsinin mərkəzindədir.
“Əgər inteqrasiya sizi asılı vəziyyətə salan bir alətə çevrilirsə, qarşılıqlı fayda əsasında inteqrasiya illüziyası ilə yaşamaq mümkün deyil”, – deyə Mark Karni çıxışını yekunlaşdırıb.
Açıqlama Davos forumunda qlobal təhlükəsizlik, iqtisadi inteqrasiya və beynəlxalq hüququn gələcəyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda səsləndirilib.
11:05 21.01.2026
Oxunuş sayı: 1103