Belçikanın Baş naziri Bart De Vever Avropa İttifaqının qlobal cazibəsi və beynəlxalq münasibətlərdə rolu ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
De Vever bildirib ki, “xoşbəxt bir vassal olmaq başqa şeydir, bədbəxt bir kölə olmaq isə tamam başqa”. Onun sözlərinə görə, insanlar Avropa İttifaqına qoşulmaq istəyir, lakin Çinə qoşulmaq arzusunda olan ölkələr yoxdur.
Baş nazir vurğulayıb ki, ABŞ-nin heç bir qonşusu “ABŞ-yə qoşulmaq istəyirik” kimi çağırış etmir. Onun fikrincə, Avropa İttifaqının seçilməsinin əsas səbəbi güc nümayişi deyil, dəyərlərdir.
“Avropa İttifaqı ona görə cəlbedicidir ki, burada hörmət var, hüququn aliliyi var və biz gücümüzü qışqıraraq yox, sakit və ölçülü dillə istifadə edirik”, – deyə Belçika hökumətinin başçısı qeyd edib.
Açıqlama Avropada təhlükəsizlik, suverenlik və qlobal güc balansı ilə bağlı müzakirələrin gücləndiyi bir dövrdə səsləndirilib.