Birqütblü dünya dövrü bitdi, kartlar yenidən paylanır
Amerikalı politoloq, Çikaqo Universitetinin professoru Con Merşeymer beynəlxalq sistemdə köklü dəyişikliklərin baş verdiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər evrir ki, onun sözlərinə görə, 1992–2017-ci illəri əhatə edən “birqütblü Amerika arzusu” artıq sona çatıb və hazırda qlobal siyasətdə üç əsas güc mərkəzi mövcuddur: ABŞ, Çin və Rusiya.
Merşeymer bildirib ki, ABŞ xarici siyasəti son onilliklərdə iki əsas səbəbə görə ciddi transformasiyaya məruz qalıb. Birinci səbəb beynəlxalq sistemin struktur dəyişikliyi — birqütblü modeldən çoxqütblü düzənə keçiddir. İkinci səbəb isə liberal hegemoniyanın uğursuzluğudur. Onun fikrincə, Vaşinqton dünyanı öz siyasi modelinə uyğunlaşdırmaq əvəzinə, uzunmüddətli və nəticəsiz müharibələrə sürüklənib.
Professorun sözlərinə görə, ABŞ-nin son 30 ildə buraxdığı ən böyük strateji səhv NATO-nun genişləndirilməsi olub. Bu addım Rusiyanı Çinə yaxınlaşdırıb və nəticədə Vaşinqton indi vahid geosiyasi blokla üz-üzə qalıb. Merşeymer qeyd edib ki, güc balansı nəzəriyyəsinə əsasən ABŞ Rusiyanı öz tərəfinə çəkməli idi — 1972-ci ildə Niksonun Çinlə bağlı strategiyası kimi. Lakin bunun əksi baş verib.
O, ABŞ-nin təcridçi siyasətə keçməsi ilə bağlı yayılan fikirləri də təkzib edib. Merşeymerin fikrincə, ABŞ qlobal siyasətdən çəkilmir. Əksinə, Donald Trampın Ukraynadakı müharibəni bitirmək və Moskva ilə razılaşma əldə etmək istəyi rasional məqsəd daşıyır: Rusiyanı Çindən ayırmaq. Lakin Qərbdə dərinləşən rusofobiya bu strategiyanın yaxın perspektivdə uğur qazanmasını mümkünsüz edir. Onun qənaətincə, nə Rusiya Qərbə, nə də Qərb Rusiyaya yenidən etibar edəcək.
Merşeymer Avropa ilə bağlı da pessimist proqnoz verib. O bildirib ki, Avropanın vahid siyasi dövlət kimi çıxış etməsi ideyası artıq real deyil. ABŞ-nin təhlükəsizlik çətiri zəiflədikcə Avropa ölkələri birləşməyəcək, əksinə, aralarındakı ziddiyyətlər daha da dərinləşəcək. Rusiya ilə münasibətlər isə “son dərəcə zəhərli” olaraq qalacaq.
Professorun fikrincə, Türkiyə, Hindistan və Braziliya kimi orta güclər həm Çinlə iqtisadi əlaqələri qorumaq, həm də ABŞ ilə təhlükəsizlik əməkdaşlığını davam etdirmək istəyirlər. Lakin mövcudluq səviyyəsində təhlükə yarandığı halda iqtisadi maraqlar təhlükəsizlik prioritetlərinə tabe olacaq və bu ölkələr sonda ən güclü aktorun — ABŞ-nin yanında yer almağa məcbur qala bilərlər.
10:52 21.01.2026
Oxunuş sayı: 1148