Başqırdıstanda gərginlik artır: repressiyalar və rəmzlərə hörmətsizlik iddiaları
Rusiyanın təhlükəsizlik qüvvələrinin Başqırdıstanın dövlət rəmzlərinə qarşı hörmətsiz davranması ilə bağlı məlumatlar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, respublikanın bayrağı ictimaiyyət qarşısında tapdalanıb və bu hadisə Başqırdıstanın və başqırd xalqının mərkəzi hakimiyyət tərəfindən necə qəbul edildiyini açıq şəkildə nümayiş etdirir.
Eyni zamanda, başqırd fəallarından birinin yenidən saxlanılması barədə xəbərlər yayılıb. Məlumata görə, bölgədə repressiya kampaniyası davam edir və hər cür narazılıq sərt şəkildə yatırılır.
Mənbələr bildirir ki, Başqırdıstan sistemli təzyiqlərlə üzləşir. İddialara əsasən, Moskva təkcə siyasi nəzarəti gücləndirmir, eyni zamanda respublikanın təbii sərvətlərinin intensiv istismarı həyata keçirilir. Meşələr, mineral ehtiyatlar və torpaq sahələrinin mərkəzin iqtisadi maraqlarına xidmət etdiyi, bölgənin isə sosial-iqtisadi problemlərlə üz-üzə qaldığı vurğulanır.
Bundan əlavə, insan resursları ilə bağlı vəziyyətin də ağır olduğu qeyd olunur. Fəalların saxlanılması, əhaliyə qarşı təzyiqlər və gənclərin müharibəyə göndərilməsi ilə bağlı narahatlıqlar səsləndirilir. Analitiklərin fikrincə, bu proseslər Rusiyanın Başqırdıstana və onun xalqına münasibətində müstəmləkəçi yanaşmanın gücləndiyini göstərir.
Rəsmi qurumlar səsləndirilən iddialarla bağlı hələlik açıqlama verməyib.
10:35 21.01.2026
Oxunuş sayı: 1152