Trampın Qrenlandiya planlarının arxasında kim dayanır?
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək ideyasına marağının formalaşmasında əsas rol oynayan şəxs kimi Nyu-Yorklu milyarder Ronald Lauder göstərilir.
O, Estee Lauder kosmetika imperiyasının varisi və Trampın uzunillik yaxın dostudur.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir.
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun sözlərinə görə, 2018-ci ildə ABŞ-nin Qrenlandiyanı satın alması ideyasını ilk dəfə gündəmə gətirən məhz Lauder olub.
Bolton xatirələrində bu təklifin birbaşa Lauder tərəfindən irəli sürüldüyünü və onun Arktika adasını həm strateji, həm də iqtisadi baxımdan mühüm fürsət kimi dəyərləndirdiyini qeyd edib.
Ronald Lauder və Donald Trampın dostluğu tələbəlik illərinə gedib çıxır və artıq 60 ildən çoxdur davam edir. Hazırda 81 yaşında olan milyarder uzun illərdir Respublikaçılar Partiyasını dəstəkləyir və mühafizəkar siyasi dairələrə iri ianələr edir. Trampın 2016-cı il prezident seçkilərindəki qələbəsindən sonra Lauder Trampın Qələbə Fondu Komitəsinə 100 min dollar ianə edib. Məlumatlara görə, 2025-ci ildə o, Trampa bağlı MAGA super PAC-ına əlavə olaraq 5 milyon dollar vəsait ayırıb.
Lauder Vaşinqtonda da geniş siyasi təcrübəyə malikdir. O, 1980-ci illərdə ABŞ Müdafiə Nazirliyində Avropa və NATO məsələləri üzrə köməkçi müavin vəzifəsində çalışıb, daha sonra prezident Ronald Reyqanın dövründə ABŞ-ın Avstriyadakı səfiri təyin olunub
2007-ci ildən etibarən Ronald Lauder Dünya Yəhudi Konqresinə rəhbərlik edir və İsrailin fəal müdafiəçilərindən biri kimi tanınır. Onun Qrenlandiyaya marağı yalnız geosiyasi deyil, həm də kommersiya xarakteri daşıyır. Lauder adada lüks qablaşdırılmış su layihəsinə sərmayə qoyub və iri miqyaslı hidroelektrik stansiya layihələrini dəstəkləyib.
Lauder son məqalələrindən birində Qrenlandiyanı süni intellekt, qabaqcıl silah sistemləri və gələcək texnologiyalar üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementləri ilə zəngin “xəzinə mənbəyi” kimi təsvir edib. O, ABŞ-ın Qrenlandiya üzərində nəzarətinin Arktikada artan Rusiya və Çin təsirinə qarşı vacib olduğunu vurğulayıb.
Lauder Qrenlandiyanı ABŞ üçün “növbəti sərhəd” adlandırır. Tənqidçilər isə hesab edirlər ki, onun Donald Trampla uzunmüddətli şəxsi münasibətləri bir milyarderin strateji baxışlarının ABŞ xarici siyasətinin gündəminə çevrilməsində mühüm rol oynayıb.
Sevinc Yarməmmədova
19:36 20.01.2026
Oxunuş sayı: 1343