Özbəkistandan Duqinə cavab: Suverenliyə əl uzatmayın
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Şahnazə Xolmaxmatova rusiyalı ideoloq Aleksandr Duqinin ölkələrin müstəqilliyi ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə sərt münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Minval Politika Aleksandr Duqinin Azərbaycan və digər MDB ölkələrinin suverenliyinə qarşı çıxaraq onların müstəqilliyini “zibil” adlandırdığını yazıb.
Bu açıqlamalara cavab olaraq Şahnazə Xolmaxmatova Duqinin Özbəkistanın suverenliyinə müdaxilə etməyə haqqı olmadığını vurğulayıb.
Deputat bildirib ki, ölkənin müstəqilliyi ilə bağlı bu cür əsassız mülahizələr yalnız onları səsləndirən şəxslərin şəxsi mövqeyidir və müzakirə mövzusu ola bilməz.
“Aleksandr Duqin, Özbəkistanın suverenliyinə əl uzatmayın. Ölkəmizin müstəqilliyi sizin və sizin kimilərin müzakirə edəcəyi məsələ deyil”,- deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Özbəkistan heç vaxt hansısa ölkənin “nəzarət zonası” olmayacaq və kənardan təsdiqə ehtiyac duymur. Xolmaxmatova əlavə edib ki, ölkə əməkdaşlığa açıqdır, lakin bu, yalnız bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında mümkündür.
Deputat həmçinin bildirib ki, suverenliyə qarşı hər hansı aqressiv cəhdə qətiyyətlə cavab veriləcək: “Əgər ölkəmizin müstəqilliyinə qarşı təhdidlər olarsa, cavab yalnız bir olacaq — daşlarınızı yığın”.
Qeyd edək ki, “daşlarınızı yığın” ifadəsi Bibliyadakı “daşları səpməyin zamanı və daşları toplamağın zamanı var” deyiminə istinad edir və bu kontekstdə müdaxilənin dayandırılması çağırışı kimi səslənir.
Fatimə Məmmədova
15:03 19.01.2026
Oxunuş sayı: 855