Gürcüstan Orta Dəhlizə inteqrasiya üçün son tarix müəyyənləşdirib
Gürcüstan hökuməti ölkənin yol-nəqliyyat infrastrukturunun Asiya ilə Avropanı birləşdirən qlobal Orta Dəhliz logistika marşrutuna tam inteqrasiyasını başa çatdırmaq üçün rəsmi olaraq son tarix müəyyən edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, dövlət büdcə planına əsasən, Gürcüstan 2026-cı ilə qədər öz ərazisindən Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirən yüksək sürətli strateji avtomobil magistrallarını tam istifadəyə verməyi planlaşdırır.
Prioritet infrastruktur layihələri çərçivəsində Azərbaycanla sərhədə çıxışı təmin edən Rustavi–Qırmızı Körpü avtomobil yolu, eləcə də Gürcüstanı Ermənistanla birləşdirən Algeti–Sadaxlo magistralının tamamlanması nəzərdə tutulur.
Bununla yanaşı, ölkənin qərbində Türkiyə sərhədinə çıxışı təmin edən Batumi–Sarpi avtomobil yolu layihəsinin də yekunlaşdırılması planlaşdırılır. Rəsmi sənədlərdə qeyd olunur ki, bu layihələr regionun dörd ölkəsini birləşdirən nəqliyyat qovşağında Gürcüstan seqmentinin formalaşmasını tamamlayacaq.
Qeyd edək ki, sözügedən təşəbbüs Transxəzər beynəlxalq nəqliyyat marşrutu kimi tanınan Orta Dəhlizin tərkib hissəsidir. 2014-cü ildə Qazaxıstan və Azərbaycanın iştirakı ilə yaradılan bu marşrut Çindən başlayaraq Xəzər dənizi vasitəsilə Avropaya qədər uzanır. Gürcüstan isə 2022-ci ildə layihəyə qoşularaq Xəzər və Qara dəniz regionları arasında əsas quru tranzit qovşaqlarından birinə çevrilib.
14:04 19.01.2026
Oxunuş sayı: 1110