Trampın Qrenlandiya planı Avropanı ayağa qaldırdı: sərt cavab hazırlığı
Avropa İttifaqı ABŞ-yə qarşı sərt cavab tədbirlərinə hazırlaşır. Brüsseldə 18 yanvar tarixində keçirilən fövqəladə toplantıda Aİ-nin 27 üzv ölkəsinin nümayəndələri ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət cəhdlərinin qarşısını almaq üçün mümkün addımları müzakirə ediblər.
Crossmedia.az bu barədə "Politico" nəşrinə istinadən xəbəe verir. Üç saat davam edən müzakirələr zamanı diplomatlar vurğulayıblar ki, gələn həftə Vaşinqtonla aparılacaq danışıqlar sürətli nəticə verməzsə, Trampa qarşı konkret əks-tədbir variantları əvvəlcədən hazırlanmalıdır. Avropa Şurasının sədri Antoniu Koşta bu həftə Aİ sammiti çağırmağı da planlaşdırır.
Mənbələrin bildirdiyinə görə, Aİ 93 milyard avro dəyərində cavab rüsumlarını çox qısa müddətdə tətbiq edə bilər. Alternativ variant kimi isə anti-məcburetmə aləti (Anti-Coercion Instrument – ACI) gündəmdədir. Bu mexanizm ABŞ banklarının fəaliyyətinin məhdudlaşdırılmasına, patentlərin ləğvinə, eləcə də proqram təminatı və striminq xidmətlərindən əldə olunan gəlirlərə maneələr yaradılmasına imkan verir.
Hələlik Aİ hökumətləri Avropa Komissiyasına ACI-nin işə salınması ilə bağlı rəsmi müraciət etməyib. Diplomatların sözlərinə görə, İttifaqın “kifayət qədər geniş alət dəsti” var və bu alətlərə diplomatik və iqtisadi tədbirlər daxildir. Onlardan bəzilərinin isə ictimai müzakirəyə çıxarılması mümkün deyil. Növbəti addımların müəyyənləşdirilməsi üçün iki-üç gün vaxt tələb oluna bilər.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Truth Social platformasında açıqlama verərək, Qrenlandiyanın “tam və yekun şəkildə əldə olunması” ilə bağlı razılaşma əldə edilənədək ABŞ-nin Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10 faiz idxal rüsumu tətbiq edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu rüsumlar 1 fevraldan qüvvəyə minəcək, 1 iyundan etibarən isə 25 faizə qaldırılacaq.
Sevinc Yarməmmədova
13:32 19.01.2026
Oxunuş sayı: 1124