Sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı qızıl kimi məsləhətlər - Mütəxəssis danışdı
Son illər rəqəmsal texnologiyaların və sosial şəbəkələrin sürətlə yayılması fonunda kibercinayətkarlıq hallarında da artım müşahidə olunur. Xüsusilə onlayn platformalarda istifadəçilərin etibarından sui-istifadə etməklə törədilən dələduzluq faktları cəmiyyət üçün ciddi risk yaradır. Saxta profillər vasitəsilə banklar adından göndərilən həqiqətə uyğun olmayan məlumatlar, eləcə də vətəndaşların maliyyə məlumatlarının ələ keçirilməsi bu tip cinayətlərin ən geniş yayılmış formaları sırasındadır.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərini təqlid edərək onların dostluğunda olan vətəndaşlara saxta “bank kampaniyaları” barədə mesajlar göndərən və bu yolla onlayn dələduzluq edən şəxs saxlanılıb. Hadisə kibercinayətkarlıqla mübarizənin aktuallığını və şəxsi-maliyyə məlumatlarının qorunmasının vacibliyini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı Crossmedia.az-a İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, sosial şəbəkə hesablarına kütləvi müdaxilələr əksər hallarda istifadəçilərin diqqətsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlıdır.

Mütəxəssisin sözlərinə görə, bu cür haker hücumlarından qorunmaq üçün ilk növbədə bütün sosial şəbəkə hesablarında İki-Mərhələli Doğrulama (2FA) sistemi aktivləşdirilməlidir:
“Bu sistem hesabın təhlükəsizliyini xeyli artırır. Hətta şifrə ələ keçirilsə belə, telefon nömrəsinə göndərilən SMS kod və ya autentifikasiya tətbiqindəki unikal kod olmadan hesaba daxil olmaq mümkün olmur. Şifrə seçimi də xüsusi diqqət tələb edir: 123456, ad-soyad və ya doğum tarixi kimi asan təxmin edilən kombinasiyalardan istifadə etmək risklidir. Şifrələr böyük və kiçik hərflər, rəqəmlər və simvollardan ibarət mürəkkəb formada olmalıdır. Həmçinin hər platforma üçün fərqli şifrələrin seçilməsi bir hesabın sındırılması halında digərlərinin də təhlükə altına düşməsinin qarşısını alır”.
Mütəxəssis ikinci əsas təhlükəsizlik istiqamətinin isə sosial mühəndislik və şübhəli linklərdən qorunma olduğunu vurğulayıb: “Hakerlər çox vaxt "hesabınız bağlanacaq", "şikayət daxil olub" və ya "pul qazanmaq imkanı" kimi saxta bildirişlərlə istifadəçiləri aldadıcı saytlara yönləndirirlər. Tanımadığınız mənbələrdən gələn və rəsmi görünsə də ünvanı şübhəli olan linklərə daxil olmaq qətiyyən tövsiyə edilmir”.
E. Abbasov əlavə edib ki, telefonlara yalnız rəsmi mənbələrdən tətbiqlər yüklənməli, sosial şəbəkə hesablarının bağlı olduğu e-poçt ünvanlarının təhlükəsizliyi də eyni səviyyədə qorunmalıdır:
“E-poçtun ələ keçirilməsi demək olar ki, bütün sosial şəbəkə hesablarının itirilməsi ilə nəticələnə bilər. Buna görə vətəndaşlar rəqəmsal təhlükəsizliyə kompleks şəkildə yanaşmalıdırlar”.
Mehriban Yariyeva
15:45 17.01.2026
Oxunuş sayı: 1299