Ölkədə su anbarlarının sayı artırılır - Ekoloq perspektivləri açıqladı
Qarabağda sürətli bərpa və quruculuq işləri aparılır. Aparılan bu işlər yalnız tikinti və infrastrukturun yaxşılaşmasına deyil, regionun ekoloji sabitliyinin təmin olunmasına da yönəlib. Bölgədə yaşıllaşdırma, suvarma işlərinin aparılması, bu sahədə həyata keçirilən nəhəng layihələr regionda ekoloji problemlərin həlli istiqamətində əsaslı addımların atıldığını göstərir. Prezident İlham Əliyev də Abşeronda keçirilən müşavirədə qeyd edib ki, azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri görülür. Bu anbarlar "Bərgüşadçay" və "Həkəriçay" su anbarları olacaq.
Ölkədə süu ehtiyatının artırılması barədə ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlama verib: "Bilirik ki, işğaldan azad olunmuş ərazilər su mənbələri ilə zəngin olsa da, su ehtiyatları baxımından yetərincə təmin olunmayıblar. Çayların ümumi su axımı bu ərazilərin tam şəkildə su ilə təmin olunmasında ciddi çətinliklər yaradır. Məhz buna görə də su anbarlarının tikintisi, xüsusilə illik və çoxillik tənzimləmə imkanlarına malik anbarların yaradılması mühüm əhəmiyyət daşıyır. Su anbarlarının əsas üstünlüyü ondan ibarətdir ki, çox sulu dövrlərdə çaylarda toplanan su ehtiyatları bu anbarlarda yığılır, az sulu dövrlərdə isə həmin sudan müxtəlif məqsədlər üçün istifadə olunur. Yəni, su anbarlarının əsas funksiyası suvarma və su təchizatı sahəsində yaranan tələbatın vaxtında ödənilməsidir. Bu, xüsusilə quraq və təbii su çatışmazlığı olan dövrlərdə əhalinin və təsərrüfatların suya olan ehtiyacının qarşılanması baxımından vacibdir".

Onun sözlərinə görə, su anbarları rekreasiya baxımından da böyük potensiala malikdir: "Bu obyektlərdən turizm və istirahət məqsədləri üçün istifadə etmək mümkündür. Bunun üçün isə anbarların ətrafında müvafiq infrastruktur yaradılmalıdır. Məsələn, tilovla balıq ovuna icazə verilə, su gəzintiləri təşkil oluna, eləcə də su idman növləri üzrə yarışlar keçirilə bilər. Bu tip fəaliyyətlərin bir hissəsi artıq Suqovuşan su anbarında həyata keçirilib ki, bu da su anbarlarının çoxşaxəli istifadə imkanlarını nümayiş etdirir. Xüsusilə qeyd edilməli bir məsələ də ondan ibarətdir ki, su anbarlarının layihələndirilməsi zamanı balıq keçidlərinin qurulması son dərəcə vacibdir. Balıq keçidləri bəndin aşağı və yuxarı hissələri arasında balıqların sərbəst hərəkətini təmin edir. Bu isə balıq populyasiyalarının bərpasına, su anbarlarında balıq ehtiyatlarının artırılmasına və ekoloji tarazlığın qorunmasına uzunmüddətli müsbət təsir göstərir".
Ayhan
11:28 14.01.2026
Oxunuş sayı: 1659