Su təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətidir -Mütəxəssis
Su ehtiyatlarının səmərəli idarə olunması və əhalinin dayanıqlı su təminatı müasir dövrdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. İqlim dəyişiklikləri, əhalinin artımı və urbanizasiya prosesləri xüsusilə iri şəhərlərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasında, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında su infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2035-ci illər üçün Dövlət Proqramı ölkədə fasiləsiz, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı su təminatının gücləndirilməsini, yağış və tullantı sularının idarə olunmasının təkmilləşdirilməsini, həmçinin yeni su anbarlarının tikintisi vasitəsilə mövcud problemlərin kompleks şəkildə həllini qarşıya məqsəd qoyur. Bu proqram Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsi və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Crossmedia.az-a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, su anbarları adətən su ehtiyatlarının saxlanılması və səmərəli, qənaətlə idarə olunması məqsədilə tikilir: "Ölkəmizdə Kür, Araz və digər iri çaylar üzərində çoxlu su anbarları yaradılıb. Qarabağ bölgəsinin 30 ilə yaxın bir müddətdə işğalda qalması ölkəmiz üçün ciddi su itkisinə səbəb olmuşdu. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında su resursları öyrənilir və səmərəli su idarəetməsinin yolları araşdırılır. İşğaldan azad olunmuş ərazilərdə ölkənin ən böyük su anbarı olan Sərsəng su anbarı yerləşir. Lakin bu su anbarının ciddi yenidənqurmaya ehtiyacı var. Rəsmi qurumlar işğaldan azad edilmiş bölgələrdə su anbarlarının yenidən qurulması və yeni anbarların inşası ilə bağlı tədbirlər görür. İşğaldan azad edilmiş ərazilərdə “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi nəzərdə tutulur".
E.Cəfərli vurğulayıb ki, su anbarları tikilərkən yer düzgün seçilməli, ətraf mühit öyrənilməlidir: "Ərazinin geoloji və hidroloji xüsusiyyətləri, suyun hansı məqsədlərlə istifadə ediləcəyi araşdırılmalı, suyun mənbəyi və anbarın istifadə müddəti nəzərə alınmalıdır. Su anbarı tikiləcək ərazi təmizlənməli, relyef düzəldilməli, suyun saxlanacağı sahə yüksəkdədirsə, müəyyən metodlarla suyun bu sahəyə gətirilməsi təmin edilməlidir. Tikintiyə başlamazdan öncə ekoloji təsirin qiymətləndirilməsi aparılmalıdır. Anbarın tikintisinin və fəaliyyətinin ətraf mühitə təsirləri, ətraf mühitə yaradacağı risklər təhlil edilməlidir. Layihə icra ediləcək ərazidə nadir və ya qorunan bitki və heyvan növlərinin yaşayış yerləri varsa, buna xüsusi diqqət yetirilməlidir. Növlərin qorunması məqsədilə mühafizə tədbirləri və mütəmadi monitorinqlər həyata keçirilməlidir".
Mehriban Yariyeva
12:27 14.01.2026
Oxunuş sayı: 3089