AQTA yağ idxalçılarına etiket qaydalarını izah etdi
Qida məhsullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Aparılan təhlillər nəticəsində, bəzi yağların ölkəyə idxalı zamanı malların etiketlərində tərkibdə olan yağların ümumi “bitki yağı” ifadəsi altında göstərildiyi, həmçinin İrandan ölkəyə kərə yağının idxalı zamanı etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu müşahidə edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar, AQTA-da yağ idxalçıları ilə onlayn görüş keçirilib. Görüşdə sözügedən malların etiketlənməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Məhsulun tərkibində istifadə edilən yağ və piylərin növlərinin etiketdə ayrı-ayrılıqda və dəqiq şəkildə göstərilməsinin təmin olunması ilə bağlı iştirakçılara zəruri göstərişlər verilib.
Bildirilib ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibində mövcud olan allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başadüşülən formada olmalıdır. Ölkəmizə idxal edilən qida məhsullarının etiketlərində və məhsula əlavə olunan izahat vərəqələrində məhsulun adı, tərkibi, yararlılıq müddəti və istifadə qaydaları barədə məlumatlar xarici dillərdə təqdim edildiyi halda, Azərbaycan dilinə tərcüməsi təmin olunmalıdır.
Sonda iştirakçıların sualları cavablandırılıb.
11:37 14.01.2026
Oxunuş sayı: 1082