Bakı-Vaşinqton münasibətlərində ən aktual məsələlərdən biri 907-ci düzəliş ləğvi ilə bağlıdır - Sabiq nazir
Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.
Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektor nümayəndələrinin ölkədə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.
Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resusrlarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bakı və Vaşinqton arasında münasibətlərin hazırkı səviyyəsi və Cənubi Qafqaza təsiri barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, mövcud mərhələdə həm Azərbaycanın, həm də ABŞ administrasiyasının səyləri əvvəlki dövrdə yaranmış böhranlı vəziyyətin aradan qaldırılmasına yönəlib. Cozef Bayden administrasiyası dövründə ikitərəfli münasibətlər böhranlı mərhələdən keçib və hazırda bu vəziyyəti normallaşdırmaq üçün ciddi addımlar atılır.
Hazırkı mərhələdə ən aktual məsələlərdən biri 907-ci düzəliş ləğvi ilə bağlıdır. Azərbaycan uzun illərdir münasibətlərdə problem yaradan bu məsələnin aradan qaldırılması üçün ABŞ administrasiyasından ciddi səylər gözləyirdi və bu istiqamətdə aparılan proseslər müsbət qiymətləndirilir.
Digər tərəfdən, məlumdur ki, ötən ilin avqust ayında keçirilən görüşün nəticəsi olaraq ikitərəfli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsi məqsədilə xüsusi bir sənədin hazırlanması barədə qərar qəbul edilib. Bu çərçivədə işçi qruplar fəaliyyətə başlayıb və sözügedən sənədin razılaşdırılması və qəbul edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Eyni zamanda, genişlənən əməkdaşlığın əsas istiqamətlərindən biri yüksək texnologiyalar sahəsində qarşılıqlı əlaqələrin qurulmasıdır. Azərbaycan istəyir ki, ABŞ-nin qabaqcıl texnoloji imkanları ölkəmizdə tətbiq edilsin və ya birbaşa Azərbaycan ərazisində istifadəyə verilsin".
T.Zülfüqarov əlavə edib ki, bu məsələyə dair Prezident İlham Əliyev də öz mövqeyini açıqlayıb və bildirib ki, Azərbaycanın enerji ehtiyatları və imkanları ABŞ üçün cəlbedici ola bilər: "Xüsusilə, Azərbaycanın ərazisində data mərkəzlərinin yerləşdirilməsi böyük enerji resursları tələb etdiyindən, ölkəmiz bu sahədə öz imkanlarını təklif etməyə hazırdır.Bu yanaşma Azərbaycanın yüksək texnoloji əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Bununla yanaşı, kommunikasiya və nəqliyyat sahəsində əməkdaşlıq da gündəmdə olan əsas mövzulardandır. Xüsusilə TRIPP layihəsi, Bakı ərazisində aparılan yenidənqurma işlərinin davam etdirilməsi və yüksək səviyyəli kommunikasiya layihələrinin icrası ikitərəfli əməkdaşlığın mühüm istiqamətləri sırasında yer alır. Ümumilikdə, gündəmdə olan məsələlərin sayı kifayət qədər çoxdur və tərəflərin bu mövzulara qarşılıqlı maraq göstərməsi, eləcə də proseslərin əsasən cari il ərzində icra olunmasının planlaşdırılması görüşün əsas nəticələrindən biri kimi qiymətləndirilə bilər".
Ayhan
12:11 14.01.2026
Oxunuş sayı: 1302