İran "əyilmiş güzgüdə" - Kimdir günahkar?
İranın rəsmi dairələri öz fərasətsizliyi, digər tərəfdən də yırtıcı tamahı ucbatından ölkəni fəlakətin qapısına gətirib çıxarıblar. 46 il müddətində mütəmadi dəyişən idarəçilik bir dəfə də olsun hakim ideologiyanın daşıyıcısından soruşa bilmədi ki, niyə bizim düşmənimiz çox, dostumuz isə yoxdur?

Son iki həftədir ki, etirazlar dayanmır və ölkə qarışıb. Bu arada fürsət tapan İran parlamenti təcili bir iclas keçirib və Məclis binasının səhnəsində toplaşaraq mütəşəkkil şəkildə “mərg bər amrika” şüarları çığırmağa başlayıblar. İran parlamenti üzvlərinin əksəriyyəti təhsil almış adamlardır və böyük dövlətlərə, xalqlara ölüm şüarını çığırmağın yalnış olduğunu mütləq də bilirlər. Lakin nə etmək olar ki, bu dövlətin ideologiyası “ölüm” üzərində qurulub? Məlum olur ki, bu iblislər islah olunası deyillər.

12 günlük ABŞ və İsrail hücumları zamanı bütün
dünyaya özünü irticaya məruz qalmış tərəf kimi göstərən İran rəsmiləri “mərg bər
Cumhuriyi İslamiye İran” şüarının hardan gəldiyini, səbəblərini heç anlamaq istəmədilər.
Yəni həqiqətən də İranın rəsmi dairələrində bir adekvat insan yoxdur ki,
anlasın? Əgər sən 46 ildir ki, “mərg bər Amrika”(Amerikaya ölüm), “mərg
bər İsrail”(İsrailə ölüm) deyirsənsə, bir gün onların da sənə “mərg bər Cumhuriyi İslamiye
İran”(İran İslam Respublikasına ölüm) deyəcəklərini qəbul etməlisən.
Özgə dövlətlərə ölüm şüarı iddiaları ilə
qurulmuş bir dövlət uzun müddət yaşaya bilməz və İran İslam Respublikasının 46
il yaşaması özü qeyri-adi haldır.
1979-cu ildən başlayaraq İranın siyasi xadimləri
bir ölkəyə, bir xalqa yaşasın şüarı verməyiblər, əksinə R.Xomeynidən başlayaraq
ölkənin bütün dini rəhbərləri yalnız ölüm şüarları veriblər. Bunları sadalayaq:
Mərg bər Amrika, mərg bər şurəvi, mərg bər pəhləvi, mərg bər ingilis, mərg bər
İsrail, Mərg bər Salman Rüşdi, Mərg bər şeytani bozorg Amrika, Mərg bər Səddam
və s. Əlbəttə ki, bu şüarları verə-verə ölkə daxilində minlərlə gənc insanı
edam ediblər. Məlum olur ki, İran mollaları insanı qətl etməkdə çox həvəskardırlar
və bu qətlləri qanuniləşdirmək üçün yüzlərlə qondarma hədis danışmağa hazırdırlar.
Fevral inqilabı zamanında (1979) mollalar elə bir oyun oynadı ki, heç kim anlamadı, səltənət əleyhinə başlanmış xalq hərəkatı necə oldu ki, islam inqilabı olaraq adlandırıldı? İstəyəndə şeytanı mələk olaraq göstərən, sərf etməyəndə şeytanı iblisin törəməsi kimi göstərən mollalar hələ də bu nağılları danışır, yenə də köhnə üsullardan istifadə edirlər. Bir gün əlindən, ətəyindən öpdükləri adamlara, başqa bir gün ölüm olsun şüarları verirlər.

(Fərəh Pəhləvinin əlindən öpən ayətullah Ə.Xamineyidir)
Göründüyü kimi, İslam adına insaniyyəti təbliğ etmək, axirət üçün ibadət etmək, insanpərvər və xeyirxah olmaq, haramı pisləyən,
insanlara anlayışla yanaşmaq, qətl və qarətləri pisləyən islam əvəzinə marginal
və başkəsən bir “İran islamı modeli” qarşımıza çıxır.
Odur ki, İran İslam Respublikası ilə birlikdə
“İran islam modeli” də ləğv edilməli və insanlara oturuşmuş və özünü tarixən
doğrultmuş islam ənənələrini yaşamağa fürsət verilməlidir. İslama ləkə olan bu
şarlatanları məscidlərdən qovmaq və tövbəyə çağırmaq lazımdır.
12:21 14.01.2026
Oxunuş sayı: 3461