Dünyanın gözlədiyi xəbər: Beyin xərçənginə son qoyulur?- Müsahibə
Nobel mükafatlı türk alimi, professor Aziz Sancar və onun rəhbərlik etdiyi elmi komanda beyin xərçənginin ən təhlükəli və ölümcül növlərindən birinin müalicəsi istiqamətində mühüm elmi nailiyyət əldə edib. Xüsusilə müalicəsi çətin hesab olunan, sürətlə yayılan və sağqalma ehtimalı aşağı olan beyin şişləri ilə mübarizədə bu kəşf yeni ümidlər yaradıb.
Beyin xərçəngi tibbdə ən mürəkkəb onkoloji xəstəliklərdən biri hesab olunur. Bunun əsas səbəbi beyin toxumasının həssaslığı və “qan-beyin baryeri” adlanan təbii müdafiə mexanizminin bir çox dərman maddələrinin beyinə keçməsinə mane olmasıdır. Məhz bu baryer səbəbindən kimyaterapiya preparatlarının böyük hissəsi beyin şişlərinə effektiv təsir göstərə bilmir.
Aziz Sancar və komandası tərəfindən aparılan araşdırmalarda kimyaterapiyada istifadə olunan EdU adlı kimyəvi maddənin bu baryeri aşaraq birbaşa beyin toxumasına daxil olduğu və şiş hüceyrələrini məhv etdiyi müəyyən edilib. Ən mühüm məqamlardan biri isə odur ki, bu maddə sağlam beyin hüceyrələrinə zərər yetirmir. Bu xüsusiyyət mövcud müalicə üsullarının ən ciddi problemlərindən biri olan sağlam toxumanın zədələnməsi riskini minimuma endirir.

Dünyanı sevindirən xəbərlə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim- Onkoloq Fərid Museyibov Crossmedia.az-a müsahibə verib:
- Ümumiyyətlə, xərçəng xəstəliyinin yayılma səbəbləri nədir?
- Xərçəng xəstəliyi həm ölkəmizdə, həm də dünyada sürətlə yayılmaqdadır və eyni zamanda ciddi şəkildə cavanlaşır. Aparılmış elmi araşdırmalar göstərir ki, bu prosesdə əsas risk faktorlarından biri qidalanmadır. Qeyri-sağlam qida vərdişləri xərçəng xəstəliklərinin artmasında mühüm rol oynayır.
- Beyin xərçəngi nədən yaranır?
- Beyin şişlərinin yaranma səbəbi bu günə qədər tam dəqiqliklə müəyyən edilməyib. Yəni xəstəliyin konkret hansı amildən qaynaqlandığı elmi baxımdan tam sübut olunmayıb. Bununla belə, mütəxəssislər əsas risk faktorları kimi şüalanmanı, baş travmalarını və genetik meyilliliyi ön plana çəkirlər. Hazırda beyin xərçənginin mümkün yaranma səbəbləri məhz bu amillərlə əlaqələndirilir.
Eyni zamanda, alkoqollu içkilərdən həddindən artıq istifadə və tütün məmulatlarının geniş yayılması təkcə beyin xərçənginin deyil, ümumilikdə digər orqan xərçənglərinin də daha sürətlə yaranmasına və xəstəliyin gəncləşməsinə səbəb olur.
- Beyin xərçənginin müalicəsi varmı?
- Xəstəlik vaxtında aşkar edilərsə, müalicə mümkündür. Birinci–ikinci mərhələdə tam sağalma ehtimalı kifayət qədər yüksəkdir. Lakin üçüncü–dördüncü mərhələdə həkimə müraciət edildikdə müalicə prosesi xeyli çətinləşir və bəzi hallarda müalicə mümkün olmur.
Hazırda beyin şişlərinin müalicə üsulları şişin növündən asılıdır. Əgər şiş xoşxassəlidirsə, əsas müalicə üsulu cərrahi müdaxilədir. Bədxassəli şişlərdə isə daha çox şüa terapiyasından istifadə olunur. Bundan əlavə, bəzi hallarda kimyaterapiya və hədəflənmiş dərman müalicəsi üsulları da tətbiq edilir.
- Yeni müalicə üsulları nə mərhələdədir?
- Hazırda müzakirə olunan bəzi yeni müalicə yanaşmaları hələ klinik sınaq mərhələsinə keçməyib və eksperimental xarakter daşıyır. Bu tədqiqatlar əsasən heyvanlar üzərində aparılıb. Onların insanlar üzərində tətbiqi üçün müvafiq səhiyyə qurumlarının, o cümlədən ABŞ Səhiyyə Təşkilatının icazəsi tələb olunur. Bu isə kifayət qədər zaman alan prosesdir və hazırda həmin metodların hansı nəticələr verəcəyi dəqiq bilinmir.
Eksperimental mərhələ başa çatdıqdan və klinik sınaqlara keçildikdən sonra nəticələr daha aydın şəkildə ortaya çıxacaq. Bu mərhələdə təhlükəsizlik və etik məsələlər xüsusi əhəmiyyət daşıyır.
Ayhan
09:50 13.01.2026
Oxunuş sayı: 1326