ABŞ üçün Azərbaycanın mövcud geosiyasi mövqeyi onun qlobal maraqlar sistemi ilə tam uzlaşmır - MÜSAHİBƏ
Hazırda İranda baş verən kütləvi xalq ayaqlanması ölkənin 1979-cu il inqilabından bəri yaşadığı ən ciddi daxili sınaqlardan biridir. Dekabrın sonlarında iqtisadi çətinliklər, hiperinflyasiya, rialın kəskin dəyərsizləşməsi və işsizlik kimi səbəblərlə başlayan etirazlar qısa müddətdə bütün ölkəni bürüyən siyasi xarakter daşıyan ümummilli inqilabi hərəkata çevrilib.
15 gündən artıq davam edən aksiyalarda hüquq müdafiəçilərinin (HRANA və digər mənbələr) açıqladığı rəqəmlərə əsasən 500-dən çox insan həlak olub (onlardan əksəriyyəti etirazçı, bir qismi isə təhlükəsizlik qüvvələri üzvü), 10 mindən çox şəxs həbs edilib. Ölkədə tam internet blackout-u 84 saatdan artıq davam edir, təhlükəsizlik qüvvələri canlı atəş və ağır zorakılıq tətbiq edir, rejim isə etirazçıları “terrorist”, hərəkatı isə “ABŞ və İsrailin növbəti müharibə mərhələsi” kimi təqdim etməyə çalışır. Eyni zamanda ABŞ prezidenti Donald Trampın hərbi müdaxilə hədələri və İranın buna cavab olaraq regiondakı ABŞ bazalarını hədəf göstərməsi vəziyyəti daha da gərginləşdirib.
Politoloq, professor Adıgözəl Məmmədov bu barədə Crossmedia.az-ın suallarını cavablandırırb:
– Adıgözəl müəllim, İrandakı məsələlərlə bağlı danışmaq istəyirəm. İranda nə baş verir?
- İlk növbədə onu vurğulamaq istərdim ki, hazırda regionda cərəyan edən proseslər hələlik Azərbaycanın milli maraqlarına birbaşa xidmət etmir. Bunun əsas səbəbi ondan ibarətdir ki, ABŞ-nin strateji baxışında “Böyük Azərbaycan” anlayışı mövcud deyil. Görünən odur ki, yaxın perspektivdə də bu yanaşma dəyişməyəcək. ABŞ üçün Azərbaycanın mövcud geosiyasi mövqeyi onun qlobal maraqlar sistemi ilə tam uzlaşmır. Məhz buna görə də biz kənar güclərin prioritetlərinə deyil, öz milli strategiyamıza söykənməliyik. Bu strategiya aydın, uzunmüddətli və ardıcıl xarakter daşımalıdır. Bu kontekstdə əsas strateji xətt açıq dənizlərə çıxış, daha dəqiq desək, Böyük Azərbaycan Yolunda Ərəb Körfəzinə çıxış strategiyasıdır. Bəzi mənbələrdə bu coğrafiya yanlış olaraq “Fars körfəzi” kimi təqdim olunur, lakin tarixi və geosiyasi reallıqlar məsələyə fərqli prizmadan baxmağı zəruri edir. Azərbaycan regional və qlobal miqyasda rolunu gücləndirmək üçün Orta Şərqin zəngin enerji və geosiyasi resurslarından faydalanmaq niyyətindədir. Bu məqsədlə ölkəmiz tarixi əlaqələrinə söykənərək ənənəvi strateji tərəfdaşları ilə koordinasiyalı şəkildə hərəkət etməli və regionun aparıcı aktorlarından birinə çevrilməlidir. Avropa siyasətində real təsir imkanları əldə etməyin əsas şərtlərindən biri Orta Şərqdə mövcudluqdur. Çünki Avropa iqtisadiyyatının dayaqlarından biri enerji marşrutlarıdır. Bu baxımdan Böyük Azərbaycanın Orta Şərqdə möhkəmlənməsi Avropaya uzanan alternativ enerji dəhlizlərinə nəzarət potensialı yarada bilər. Prinsip etibarilə Böyük Azərbaycan İraq, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrin neft və qaz ixracını Avropaya daha yaxın olan Şəttül-Ərəb vadisi üzərindən TAP layihəsinə inteqrasiya etməklə (boru xəttinin həmin vadidən uzadılması şərti ilə) Avropanı daha münasib qiymətlərlə enerji resursları ilə təmin edə bilər.
– Bu baxımdan Türkiyə ilə münasibətlər necə tənzimlənməlidir?
– Bu strateji hədəflər fonunda Böyük Azərbaycanın Türkiyə ilə tandem şəklində yaxınlaşması xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Orta Şərq enerji resurslarının Suriya ərazisi üzərindən Avropaya daşınmasında maraqlı deyil. Məhz bu səbəbdən Ankara mümkün Suriya tranzit xətti boyunca Avropa və ABŞ tərəfindən formalaşdırılmağa çalışılan “kürd zolağı”nın qarşısını almağa ciddi səylər göstərir. Əslində, bu siyasət strateji baxımdan Türkiyəni, Rusiyanı və Böyük Azərbaycanı eyni geosiyasi xətt üzərində birləşdirir. Bu üç aktor Orta Şərq enerji resurslarının Suriya və ya kürd nəzarət zonaları üzərindən ixracında maraqlı deyillər. Hətta Rusiya–Türkiyə münasibətlərinin gərgin olduğu dövrlərdə belə Moskvanın kürd faktorundan istifadəsi əsasən situativ xarakter daşıyıb. Kürdlərlə dərin və uzunmüddətli strateji tərəfdaşlıq Rusiyanın fundamental maraqlarına uyğun deyil. Buna görə də regionda söz sahibi olmaq baxımından Rusiya–Türkiyə–Böyük Azərbaycan yaxınlaşması geosiyasi zərurət kimi meydana çıxır. Bu yaxınlaşma siyasi liderlərin subyektiv seçimindən deyil, obyektiv geosiyasi reallıqlardan qaynaqlanır. Rusiyanın Avropanı enerji marşrutları baxımından izolyasiya etmək siyasəti yalnız qısamüddətli taktiki məqsədlərə xidmət edir. Bu, Moskvanın tarixi geosiyasi manevrlərinin bir hissəsidir. Əsas strateji sual Rusiyanın siyasi elitasının formalaşmaqda olan Böyük Azərbaycan reallığını necə qəbul edəcəyidir. Əsas məsələ də məhz budur.Bu proseslərdə bizə nə ABŞ, nə Avropa, nə də Çin real dəstək verəcək.

– Çin və ABŞ məsələsi aydındır. Bəs Avropa niyə dəstək verməsin?
- Avropa sivilizasiyası sürətlə tənəzzül mərhələsinə yaxınlaşır və yaxın gələcəkdə qlobal dəyərlər sisteminin yeni sivilizasiyalar tərəfindən formalaşdırılması qaçılmaz görünür. Avropa mərkəzli ideologiyalar çökür və onların yerini retroqrad yaddaşa söykənən, insan psixikasının diqtə etdiyi mental dəyərlər sistemi tutur. Bu yeni sivilizasiya modelləri Çin, Hind və keçmiş Qızıl Orda sivilizasiyalarının müxtəlif formalarda yenidən təzahürü kimi meydana çıxa bilər. Qızıl Orda sivilizasiyası slavyan, türk, pravoslav və İslam elementlərinin sintezi üzərində qurulmuşdu. Məhz bu kontekstdə müasir mental mühəndisliyin instrumental vasitələrindən istifadə etməklə daha produktiv cəmiyyət modeli formalaşdırmaq mümkündür. Son illərdə Rusiyada İslam mədəniyyətinə, müsəlman məbədlərinə və dini institutlara artan diqqət də bu prosesin göstəricisidir. Sovet dövrünün ideoloji “kommunist cihadı”ndan imtina edildikdən sonra Rusiya Orta Şərqdən ixrac olunan radikal dini cərəyanlarla üzləşdi və bu təhlükə Moskvanı Orta Şərqdə aktiv və aparıcı oyunçu olmağa məcbur etdi.
– Bu şəraitdə Azərbaycanın Yaxın Şərqdə mövqeyi necə olmalıdır?
- Bu mərhələdə Azərbaycan Yaxın Şərqdə son dərəcə çevik, balanslı və çoxşaxəli siyasət yürütməlidir. Bir-biri ilə zidd mövqedə olan bütün dövlətlərlə paralel diplomatik əlaqələrin qurulması həyati əhəmiyyət daşıyır. Məsələn, İsraildə Azərbaycanın maraqlarına cavab verə bilən, kifayət qədər siyasiləşmiş rusdilli diaspora mövcuddur və bu amil diqqətdən kənarda qalmamalıdır. Eyni zamanda, ABŞ və İsraillə münasibətləri gərgin olan Misir və Səudiyyə Ərəbistanı ilə strateji əməkdaşlıq daha da dərinləşdirilməlidir. Böyük Azərbaycan Orta Şərqin bütün geosiyasi məkanında mövcud olaraq bölgənin hərbi-siyasi balansına real təsir göstərə bilməlidir. Bu yanaşma Təbriz mərkəzli yeni sivilizasiya quruculuğu prosesinə də ideoloji zəmin yarada bilər. Bu strategiya Moskvanın dəstəyini təmin edə biləcək retrospektiv yaddaşın müasir dövrə induksiyası funksiyasını daşıyır. XXI əsrdə formalaşan mental mühəndislik yanaşması XIX əsrdə əsasları qoyulmuş rus düşüncə məktəbi ilə türk-fars intellektual ənənəsinin sintezindən doğan yeni ideoloji-geosiyasi konstruksiyanın məntiqi davamıdır. Bu kontekstdə Konstantin Leontyev, Lev Qumilyov, P. Savitski, İsmayıl Qaspıralı, Əhməd bəy Ağaoğlu, M. Səncavi və Əbulqasim Kaşani kimi mütəfəkkirlərin irsi xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə bu xəttin siyasi təzahürlərindən biri kimi Məsud Pezeşkian kimi fiqurlar da qeyd edilə bilər. Sonda isə Harun ər-Rəşidin məşhur fikri bu gün də aktuallığını qoruyur:
“Xalqların taleyini coğrafiya həll edir.”
Ayhan
13:40 12.01.2026
Oxunuş sayı: 1424