DİM 1 500 namizəd üçün dövlət qulluqçusu imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.
Crossmedia.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanlar saat 10:00-da və 16:00-da başlanır.
Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahanlara 1 489 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
10:27 13.01.2026
Oxunuş sayı: 1239