Magistr diplomu olanlara şad xəbər: MAAŞINIZ 30 FAİZ ARTACAQ
Magistratura diplomunun əmək bazarında yaratdığı üstünlüklərlə bağlı yeni müzakirə başlayıb. Son günlər yayılan açıqlamalarda eyni vəzifədə çalışan magistr məzunlarının əməkhaqqının bakalavr məzunları ilə müqayisədə 20–30 faiz daha yüksək ola biləcəyi bildirilir. Burada söhbət magistr diplomuna görə avtomatik 30 faizlik maaş artımından yox, təhsil səviyyəsi, ixtisaslaşma və peşəkar bacarıqların əməkhaqqına mümkün təsirindən gedir.
Məsələ xüsusilə bakalavr təhsilini başa vuran gənclər üçün aktuallaşır. Magistratura artıq yalnız akademik və elmi fəaliyyətə hazırlaşanların seçimi kimi qəbul edilmir. Daha yüksək vəzifələrə keçid, ixtisaslaşma, idarəetmə bacarıqları və beynəlxalq şirkətlərdə karyera imkanları baxımından magistr diplomunun nə dərəcədə real üstünlük yaratdığı sualı gündəmə gəlir. Bəs əmək bazarında magistr diplomu həqiqətən maaşa təsir edən amilə çevrilə bilərmi?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Crossmedia.az-a açıqlamasında bildirib ki, son dövrlər bakalavr məzunları arasında magistratura təhsilinə marağın artması rəsmi rəqəmlərlə təsdiqlənən obyektiv reallıqdır.
"Dövlət İmtahan Mərkəzinin (DİM) son statistikasına nəzər salsaq, imtahanlarda iştirak edən bakalavrların sayının ötən illərlə müqayisədə artaraq 28 minə yaxınlaşması və qəbul olanların sayındakı artım gənclərin bu pilləyə olan real axınını göstərir. Müasir əmək bazarının tələbləri dəyişdikcə gənclər anlayırlar ki, fundamental bakalavr təhsili artıq rəqabət üçün kifayət etmir və qloballaşan korporativ mühit dar ixtisaslaşma, dərin analitik bacarıqlar və strateji təfəkkür tələb edir. Bəzi ictimai müzakirələrdə plan yerlərinin boş qalması magistraturaya marağın azalması kimi təqdim edilsə də, bu yanaşma vəziyyətin səthi analizindən xəbər verir. Bu gün qəbul planında yerlərin boş qalması gənclərin maraqsızlığından deyil, struktur və iqtisadi amillərdən qaynaqlanır. Dövlət tərəfindən universitetlərin qəbul planı yerlərinin kəskin şəkildə artırılması, yəni təklifin tələbi qabaqlaması mexaniki olaraq boşluqlar yaradır. Eyni zamanda, boş qalan yerlərin böyük əksəriyyətinin yüksək təhsil haqqı tələb edən ödənişli yerlər olması və gənclərin artıq perspektivsiz və ya regionlardakı bəzi ixtisaslar üzrə yalnız diplom xatirinə oxumaq istəməməsi bu statistik mənzərəni formalaşdırır. Gənclərimiz artıq daha rasionaldır, onlar sadəcə magistr dərəcəsi yox, onlara real karyera vəd edən proqramları seçirlər.
İlqar Orucov qeyd edib ki, beynəlxalq iqtisadi nəzəriyyələrə, xüsusilə Nobel mükafatı laureatı Maykl Spensin “Siqnal nəzəriyyəsi”nə əsasən, işəgötürənlər namizədlərin potensialı barədə ilkin mərhələdə tam məlumata malik olmurlar. Bu zaman magistr dərəcəsi rəqabətli bazarda güclü ilkin müsbət təəssürat funksiyasını yerinə yetirir. O, namizədin intellektual səviyyəsi ilə yanaşı, həm də onun uzunmüddətli öhdəliklərə sadiqliyini, nizam-intizamını və özünüinkişafa meyilliliyini nümayiş etdirir. Xüsusilə transmilli korporasiyalarda, beynəlxalq agentliklərdə və böyük yerli holdinqlərdə orta və yüksək idarəetmə vəzifələrinə keçid zamanı bu dərəcə ilkin seçim mərhələsində həlledici üstünlük təmin edir. Lakin magistr diplomunun mexaniki olaraq uğur gətirmədiyini də unutmamalıyıq. Təhsil o zaman ciddi üstünlüyə çevrilir ki, o, real iş təcrübəsi ilə sinxron şəkildə aparılsın və ya müəyyən təcrübədən sonra qazanılmış olsun. Əks halda, təcrübəsiz magistrlər əmək bazarında həddindən artıq nəzəri bilikli, lakin praktiki bacarıqları zəif namizəd kimi görünə bilərlər. Hesab edirəm ki, magistratura mühitinin qazandırdığı peşəkar əlaqələr şəbəkəsi və layihəyönümlü təhsil düzgün idarə olunduqda, gənclərin gələcəklərinə ən yüksək gəlirli investisiyaya çevrilir.
Zeynəb Həsən
19:15 25.09.2026
Oxunuş sayı: 47