Bir ev, 18 illik maaş: Azərbaycanda mənzil almaq niyə bu qədər çətinləşib
Azərbaycanda mənzil bazarında qiymət artımı ilə əhalinin gəlirləri arasındakı nisbət mənzil əlçatanlığı məsələsini gündəmdə saxlayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 1 176,7 manat olub və illik müqayisədə 7,2 faiz artıb. Eyni zamanda, AQP-nin iyul 2026 məlumatında yeni tikililərdə mənzillərin median qiyməti 2 812,5 manat/m² göstərilib.
Azərbaycan Mərkəzi Bankının son maliyyə sabitliyi hesabatında isə Bakı üzrə orta mənzil qiymətinin orta aylıq nominal əməkhaqqına nisbəti 217 ay, yəni təxminən 18,1 il olaraq hesablanıb. Bu göstəricilər fonunda gənclər üçün mənzil sahibi olmağın iqtisadi baxımdan əlçatanlığını artırmaq üçün hansı addımlar atıla bilər?
Crossmedia.az-a açıqlamasında iqtisadçı Elçin Rəşidov Azərbaycanda mənzil qiymətlərinin artması və gənclərin mənzil əldə etmək imkanlarının azalmasının bir neçə səbəblə bağlı olduğunu bildirib:
“Bunun iki səbəbi var. Birincisi, mənzil sektorunda giriş baryerləri var və buna görə mənzil qiymətləri süni şəkildə şişir. İkincisi, əhalinin, xüsusilə gənclərin gəlirləri azalır. İşsizlik, maaşların əvvəlki tempi və gənclərin işə daxil olduqdan sonra gəlirlərinin artımı əvvəlki səviyyədə deyil. Əvvəl maaşla daha tez mənzil almaq, daha çox kvadratmetr əldə etmək mümkün idi. İndi toplanan maaş buna yetmir”, - deyə iqtisadçı qeyd edib.
Elçin Rəşidov bildirib ki, gənclərin mənzil əldə etməsinə dəstək göstərməli olan ipoteka fondunun fəaliyyəti yenidən qiymətləndirilməlidir: “Bizdə ipoteka fondu var ki, gənclərə bu istiqamətdə kömək etməlidir. Amma hesab edirəm ki, fondun fəaliyyəti o qədər də qiymətləndirilmir. Əslində həmin fond daha çox mənzili olan şəxslərin əlavə mənzil almasına, onu kirayəyə verməsinə və sairə imkan yaradır. Halbuki mənzilə ehtiyacı olan ailələrin mənzil ehtiyacını qarşılamalıdır. Hesab edirəm ki, o fond yenidən təşkil edilməli və fondun uğur meyarları, qiymətləndirmə meyarları dəyişdirilməlidir”.
Onun sözlərinə görə, mənzil bazarında qiymət dinamikası regionlara və böyük şəhərlərə görə fərqlənir: “Regionlarda mənzillərin qiyməti düşür, böyük şəhərlərdə, xüsusən də Bakıda isə qalxır. Bu da həmin regionlarda mənzilə olan tələbatın aşağı olması ilə əlaqədardır. Regionlar onsuz da yoxsul idi. Son vaxtlar həm daha çox yoxsullaşmaya məruz qalırlar, həm də orada iş imkanları, sahibkarlıq imkanları azalır. Sahibkarların və insanların üzərində təzyiqlər artır. İnsanlar regionlardan yenidən 90-cı illərdəki kimi baş götürüb getməyə çalışırlar, buna məcbur olurlar. Bu da regionlarda mənzil qiymətlərinin düşməsinə, Bakıda isə qalxmasına səbəb olur”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda mənzil bazarındakı vəziyyət bütün ərazilər üzrə eyni deyil və hər bir region ayrıca nəzərə alınmalıdır: “Azərbaycanda vəziyyət eyni deyil. Mənzil qiymətinin düşdüyü və qalxdığı yerlər var. Hər birisi nəzərə alınmalıdır”.
Elçin Rəşidov gənclərin mənzil əldə etmək imkanlarının artırılması üçün bir neçə istiqamətdə addımların atılmasını vacib hesab edir: “Gənclər üçün mənzil əlçatanlığını artırmaq üçün, ümumiyyətlə, üç şey edilməlidir. Birincisi, ipoteka fondu, dediyim kimi, yenidən qurulmalı və düzgün qiymətləndirilməlidir. İkincisi, əhalinin gəlirlərini artırmaq lazımdır. Hazırkı iqtisadi siyasət bunun qarşısını alır. Mövcud iqtisadi siyasət Azərbaycanın iqtisadi potensialının reallaşmasının qarşısını alır. Azərbaycanın iqtisadi potensialı xidmət sektorunda daha yüksəkdir və o reallaşa bilər. Hazırkı iqtisadi siyasət onu boğur”.
İqtisadçı üçüncü olaraq qeyd edib ki, mənzil sektorunda giriş baryerləri aradan qaldırılmalı və orada iştirakçılıq artırılmalıdır: “Mənzil sektorunda ucuz mənzillərin tikintisinə imkan verilməlidir. Maya dəyəri aşağı olan və daha aşağı qiymətlə satıla biləcək mənzillərin tikintisinə şərait yaradılmalıdır. Belə mənzillər əslində tikilə bilər, bu mümkündür. Hesab edirəm ki, maya dəyərini, ən azından şəhərin ən bahalı yerlərində qiymətlərdən üç dəfə aşağı salmaq potensialı var”, - deyə iqtisadçı vurğulayıb.
Nigar Xəlilli
20:55 25.09.2026
Oxunuş sayı: 40