Zamanı səhnəyə sığdıran sənətkar: Mirzə Babayevin ömür və sənət yolu
Bu gün görkəmli sənətkarımız Mirzə Babayevin anım günüdür.
Azərbaycan musiqi və kino tarixində elə sənətkarlar var ki, onlar təkcə ifaları ilə deyil, yaşadıqları həyat, təmsil etdikləri dövr və formalaşdırdıqları sənət düşüncəsi ilə yadda qalırlar. Mirzə Babayev məhz belə şəxsiyyətlərdəndir. Bu gün görkəmli estrada müğənnisi, aktyor və memar Mirzə Əbdülcabbar oğlu Babayevin vəfatının ildönümüdür. Belə ki, sənətkar Azərbaycanda tanınmaqla kifayətlənməyib, qonşu ölkələrin bəzi vətəndaşlarının da sevimlisinə çevrilib.Onun adı Azərbaycan estradasında yumor, ironik ifadə, teatrallıq və həyat fəlsəfəsi ilə assosiasiya olunur.
Belə ki, Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərində, ziyalı bir ailədə dünyaya gəlib. Atası Əbdülcabbar Babayev dövrünün tanınmış diş həkimi, maarifçi və xeyriyyəçi şəxslərindən olub. Anası Sona xanım isə musiqiyə yaxınlığı, qarmon ifası ilə ailədə sənətə sevginin formalaşmasında mühüm rol oynayıb. Bu mühit Mirzə Babayevin dünyagörüşünün, estetik zövqünün və daxili mədəniyyətinin bünövrəsini qoyub.Ailəsinin yönləndirməsi və istəyi ilə o, 1935–1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində təhsil alıb. Peşəkar memar kimi Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində bir sıra inzibati və mədəniyyət binalarının layihələndirilməsində iştirak edib. Nizami adına Ədəbiyyat Muzeyi, “Vətən” kinoteatrı kimi tikililərdə onun memarlıq baxışı hiss olunur. Lakin bu uğurlu peşə yolu onun sənət taleyinin son nöqtəsi olmadı.
II Dünya müharibəsi Mirzə Babayevin həyatında dərin izlər buraxdı. O, Rostov cəbhəsində döyüşərək leytenant rütbəsinə qədər yüksəldi, müxtəlif orden və medallarla təltif olundu. Müharibə illəri onun xarakterini bərkitdi, həyata baxışını dəyişdi və sonradan ifa etdiyi mahnılarda hiss olunan dərinlik, ironik kədər və həyat müdrikliyi məhz bu təcrübələrdən qaynaqlandı.
Müharibədən sonra Mirzə Babayev memarlıq fəaliyyətini davam etdirmək niyyətində idi. Lakin həyatında həlledici dönüş nöqtəsi bəstəkar Tofiq Quliyevlə tanışlıq oldu. Onun dəvəti ilə caz orkestrində səhnəyə çıxan Mirzə Babayev Azərbaycan estradasında tamamilə yeni bir üslubun əsasını qoydu. O, sonralar bu barədə belə deyirdi: “Tofiq Quliyev olmasaydı, mən memar kimi qalacaqdım”.
Onun ifasında mahnı sadəcə səs yox, kiçik tamaşa, psixoloji vəziyyət və obraz idi. “Bir utan qızına aşiq olarmı adam”, “Kəpənək”, “Mən səni sevirəm”, “Kimlər gəldi, kimlər getdi” kimi mahnılar estradada teatrallıq və ironiya anlayışlarını formalaşdırdı.
Mirzə Babayev 40-dan çox sayda filmdə çəkilib və epizodik rollarla belə yadda qalıb. “Dərviş Parisi partladır” filmindəki Dərviş Məstəli şah obrazı, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də meyxanaçı obrazı Azərbaycan kino tarixinin klassikləri sırasındadır. Maraqlı faktlardan biri də odur ki, “O olmasın, bu olsun” filmində Məşədi İbadın ifasında səslənən mahnılar Mirzə Babayev tərəfindən oxunub. Onun səsi bir çox filmlərdə kadrarxası qəhrəman kimi yaşayır.
Mirzə Babayevin şəxsi həyatı da sənəti qədər dərin və səmimi olub. Şuşalı həyat yoldaşı Güllü xanımın vaxtsız vəfatından sonra bir daha evlənməyib. Onun şəklini daim özü ilə gəzdirir, dostlarına göstərərək “Baxın, necə gözəldir” deyərmiş. Bu sədaqət onun daxili dünyasının, insan olaraq dərinliyinin ən açıq göstəricilərindən biridir.
Mirzə Babayev zarafatı, pozitivliyi və həyata sevgisi ilə seçilirdi. “Atam 105, nənəm 127 il yaşayıb, mən də 130 il yaşayacağam” deməsi onun yaşama eşqinin ifadəsi idi. Lakin ömrünün son illərində səhhətində yaranan problemlər bu arzunun gerçəkləşməsinə imkan vermədi. 2003-cü il yanvarın 13-də, 90-cı ilində böyük sənətkar əbədiyyətə qovuşdu. Onun ifasında səslənən “Kimlər gəldi, kimlər getdi bu dünyadan, arif olan nakam getməz bu dünyadan” misraları bu gün Mirzə Babayevin öz taleyinin poetik yekunu kimi səslənir.
Mirzə Babayev Azərbaycan estradasında təkcə bir müğənni deyil, bir üslub, bir düşüncə, bir məktəb idi. Onun ifa tərzi, həyatla ironik dialoqu, səhnə mədəniyyəti bu gün də aktualdır. Zaman dəyişsə də, Mirzə Babayevin səsi hələ də bu sualı verir: kimlər gəldi, kimlər getdi – amma kimlər iz buraxdı?
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...
Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...
Arif olan nakam olmaz
Bu dünyada, bu dünyada.
Arif olan nakam olmaz
Bu dünyada, bu dünyada.
Fatimə Məmmədova
10:33 13.01.2026
Oxunuş sayı: 1053