Sem Benkmen-Frid apellyasiya məhkəməsini uduzdu
"FTX" kriptovalyuta birjasının qurucusu və keçmiş rəhbəri Sem Benkmen-Frid fırıldaqçılıq ittihamı ilə barəsində çıxarılmış 25 illik həbs cəzasından verdiyi apellyasiya şikayətini uduzub.
Crossmedia.az xəbər verir ki, Nyu-Yorkun Manhetten dairəsi üzrə ABŞ İkinci Dairə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası prokurorluğun təqdim etdiyi sübutları kifayət qədər əsaslı və güclü hesab edərək yekdil qərar çıxarıb.
Məhkəmə kollegiyasının hakimi Barrinqton Parker qərarda qeyd edib ki, Benkmen-Frid bir tərəfdən müştərilərə, investorlara və tənzimləyici qurumlara "FTX" fondlarının tam təhlükəsizlikdə olduğunu desə də, digər tərəfdən birjanın vəsaitlərindən öz şəxsi "pul qabı" kimi istifadə edib.
O, müştərilərin pullarını daşınmaz əmlak alqı-satqısına, siyasi kampaniyalara və riskli investisiyalara xərcləyib.
Bir vaxtlar kriptovalyuta dünyasının ən nüfuzlu simalarından və multibilyarderlərindən sayılan Benkmen-Frid, 2022-ci ildə "FTX"in rüsvayçı çöküşündən sonra 2023-cü ildə Manhetten federal andlılar məhkəməsi tərəfindən 7 maddə üzrə təqsirli bilinmişdi.
Prokurorluq onun özünə məxsus "Alameda Research" hedc-fondunun itkilərini bağlamaq üçün müştərilərdən 8 milyard dollar oğurladığını və bunun "epik miqyasda bir fırıldaqçılıq" olduğunu süfuta yetirib.
Fatimə Cabbarlı
04:30 13.06.2026
Oxunuş sayı: 59