Alimlər depressiyanın həllini tapdı
Cənubi Koreyanın Yonsei Universitetinin tədqiqatçıları depressiyanın müalicəsində istifadə oluna biləcək yeni texnologiya hazırlayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Söhbət tor qişaya təsir göstərərək əhval-ruhiyyə ilə əlaqəli beyin nahiyələrini stimullaşdıran xüsusi kontakt linzalardan gedir.
Araşdırma çərçivəsində linzalar hələlik yalnız siçanlar üzərində sınaqdan keçirilib. Depressiya əlamətləri müşahidə olunan heyvanlara üç həftə ərzində hər gün 30 dəqiqə müddətində bu linzalar taxılıb.
Nəticələr göstərib ki, sınaqdan sonra siçanların davranışlarında yaxşılaşma qeydə alınıb, hipokamp və prefrontal qabıq arasındakı əlaqələr bərpa olunub. Bununla yanaşı, iltihab göstəriciləri və stress hormonu səviyyəsi azalıb.
Tədqiqatçılar bildiriblər ki, əldə olunan nəticələr depressiyanın müalicəsində geniş istifadə olunan fluoksetin (Prozac) preparatının təsiri ilə müqayisə oluna bilər. Həmçinin siçanlarda əhval-ruhiyyənin formalaşmasında mühüm rol oynayan serotonin səviyyəsinin artdığı müşahidə edilib.
Alimlərin fikrincə, texnologiyanın insanlar üzərində tətbiqinə hələ uzun müddət var. Bunun üçün onun təhlükəsizliyi və effektivliyi ilə bağlı əlavə araşdırmalar aparılmalıdır. Buna baxmayaraq, yeni yanaşma gələcəkdə dərman və implantlardan istifadə etmədən depressiyanın müalicəsinə imkan yarada bilər.
00:30 13.06.2026
Oxunuş sayı: 47