Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
Bu gün Azərbaycanda 2025–2026-cı tədris ili başa çatır və ölkənin bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir.
Crossmedia.az xəbər verir ki, bu il respublika üzrə 116 min 550 şagird məktəbi başa vurur. Məzunlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri isə oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 25 ümumi təhsil müəssisəsində də “Son zəng” tədbirləri təşkil olunub. Həmin məktəblərdən 171 məzun yeni həyata qədəm qoyur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 11 təhsil müəssisəsində bu il ilk dəfə “Son zəng” çalınır.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” tədbirləri mayın 31-də deyil, iyunun 14-də keçirilir. Lakin bu il iyunun 14-ü bazar gününə təsadüf etdiyindən ənənəvi tədbirlər iyunun 13-də təşkil olunub.
Məktəblərdə keçirilən tədbirlərdə məzunlar müəllimləri və sinif yoldaşları ilə vidalaşaraq məktəb həyatının ən yaddaqalan günlərindən birini yaşayırlar.
08:26 13.06.2026
Oxunuş sayı: 85