Dəm qazı can almağa davam edir: Skandinaviya təcrübəsi Azərbaycanda da tətbiq oluna bilərmi?
Ötən günlərdə Sumqayıt şəhərində dəm qazı təhlükəsi yenidən insan ölümü ilə nəticələnib. Soyuq hava şəraitində isitmə vasitələrindən düzgün istifadə edilməməsinin doğurduğu risklər bu dəfə gənc bir şəxsin faciəli ölümü ilə gündəmə gəlib. Baş verən hadisə bir daha göstərir ki, məişətdə təhlükəsizlik qaydalarına laqeyd yanaşma ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Gənc yaşda bir insanın həyatını itirməsi cəmiyyətdə ciddi narahatlıq doğurmaqla yanaşı, dəm qazından zəhərlənmə hallarının qarşısının alınmasının nə qədər vacib olduğunu da aktuallaşdırır. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Yay fəslinin başa çatması ilə havaların soyuması evlərdə istilik sistemlərindən istifadənin yenidən gündəlik həyatımıza daxil olmasına səbəb olur. Soba, kombi, kamin və digər istilik qurğuları aktiv şəkildə işə salınır. Lakin bu dövrdə çox vaxt diqqətdən yayınan, amma insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən ciddi bir məsələ mövcuddur. Bu da tüstü bacalarının texniki vəziyyətidir. Tüstü bacaları evin tüstüsünü çölə ötürən sadə bir element kimi görünsə də, düzgün işləməyən baca ciddi fəsadlara yol aça bilər. Dəm qazı ilə zəhərlənmə, yanğın və digər ağır hadisələrin əsas səbəblərindən biri məhz nasaz tüstü bacalarıdır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları qeydə alınır və bu hadisələrin bir çoxu ölümlə nəticələnir. Statistik məlumatlara əsasən, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir. Araşdırmalar göstərir ki, bu hadisələrin böyük əksəriyyəti tüstü bacalarının vaxtında təmizlənməməsi və texniki nasazlıqlar ucbatından baş verir. Bir çox fərdi yaşayış evlərində bacalar illərlə təmizlənmir. Çoxmərtəbəli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi mənzil-kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, əksər hallarda bu işlər lazımi səviyyədə icra olunmur".
O bildirib ki, problemin əsas səbəblərindən biri bacaların köhnəlməsidir: "Xüsusilə sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə uzun illər təmizlənməyən tüstü bacaları yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar dəm qazının yaşayış sahələrinə dolmasına şərait yaradır. Digər ciddi problem isə qeyri-peşəkar müdaxilədir. Bəzi hallarda ev sahibləri bacaları özləri təmizləməyə və ya təmir etməyə çalışırlar ki, bu da təhlükəni aradan qaldırmaq əvəzinə daha da artırır. Düzgün aparılmayan müdaxilə bacanın zədələnməsinə və qaz sızmasına səbəb ola bilər. Bu səbəbdən tüstü bacalarının təmizlənməsi və baxışı yalnız ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirilməlidir. Tüstü bacalarının kim tərəfindən təmizlənməsi məsələsi də olduqca vacibdir. Qanunvericiliyə əsasən, fərdi yaşayış evlərində bacaların saz vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətindədir. Çoxmərtəbəli binalarda isə bu vəzifə müvafiq kommunal idarələrin və ya MTK-ların üzərinə düşür. Lakin real vəziyyətdə vətəndaşlar tez-tez çaşqınlıq yaşayır, kimə və hara müraciət edəcəklərini bilmirlər.. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sisteminin yaradılmasına ciddi ehtiyac var. Bacaların təmizlənməsi yalnız dövlət tərəfindən tanınan, ixtisaslaşmış rəsmi xidmətlər vasitəsilə həyata keçirilməlidir. Bu halda həm məsuliyyət aydın şəkildə müəyyən olunar, həm də göstərilən xidmətin keyfiyyətinə zəmanət verilər. Belə bir sistemin mövcudluğu vətəndaşların düzgün ünvana müraciət etməsini asanlaşdırar və dövlətə bacaların vəziyyətinə effektiv nəzarət imkanı yaradar. Bu isə ölkədə dəm qazı zəhərlənmələrinin qarşısının alınmasında mühüm rol oynayar".
Mütəxəssisin fikrincə, beynəlxalq təcrübədə geniş tətbiq olunan dəm qazı detektorlarının əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır: "Dəm qazı detektoru kiçik ölçülü, sadə, batareya ilə işləyən və nisbətən ucuz bir cihazdır. Qazın normadan artıq toplanması zamanı səs siqnalı verərək təhlükə barədə xəbərdarlıq edir və insanların vaxtında tədbir görməsinə imkan yaradır. Avropa ölkələrinin əksəriyyətində, o cümlədən Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər bir evdə dəm qazı detektorunun olması qanunla məcburidir. Bu tələblər illərlə yaşanan acı təcrübələrdən sonra qəbul edilib və minlərlə insanın həyatını xilas edib".
Ekspert, həmçinin ölkəmizdə bu cihazlardan istifadənin hələ də geniş yayılmadığnı qeyd edib: "Halbuki hər bir evdə dəm qazı detektorunun quraşdırılması bu faciələrin böyük hissəsinin qarşısını ala bilər. Nəticə olaraq bir daha vurğulamaq lazımdır ki, tüstü bacalarının təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, bu, birbaşa həyat və ölüm məsələsidir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün hər birimiz məsuliyyətli davranmalı, bacaların vaxtında təmizlənməsinə və təhlükəsizlik tədbirlərinin fasiləsiz şəkildə yerinə yetirilməsinə xüsusi diqqət göstərməliyik".
Elmir Heydərli
11:45 12.01.2026
Oxunuş sayı: 1848