Xəbərdarlıq!: Sosial media hesabları gizli ələ keçirilir - Mütəxəssis danışdı
Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi müasir dövrdə ani mesajlaşma tətbiqləri gündəlik ünsiyyətin əsas vasitələrindən birinə çevrilib. Bununla yanaşı, informasiya təhlükəsizliyi sahəsində yaranan yeni risklər və kiberhücum üsullarının təkmilləşməsi istifadəçi məlumatlarının qorunmasını daha da актуallaşdırır.
Xüsusilə geniş istifadəçi kütləsinə malik olan “Telegram” və “WhatsApp” kimi platformalarda hesabların icazəsiz ələ keçirilməsi halları son dövrlərdə artmaqdadır ki, bu da həm şəxsi məlumatların təhlükəsizliyi, həm də rəqəmsal mühitdə etibarlı kommunikasiya baxımından ciddi narahatlıq doğurur.
Məhz bu çağırışlar fonunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) sözügedən ani mesajlaşma tətbiqləri üzrə müşahidə olunan təhlükəsizlik insidentləri ilə bağlı araşdırmaları davam etdirir. Daxil olan müraciətlərin və aşkarlanmış faktların təhlili göstərir ki, bir sıra hallarda istifadəçilər mövcud əlavə təhlükəsizlik mexanizmlərindən yetərincə yararlanmır ki, bu da hesabların kənar müdaxilələrə qarşı daha həssas vəziyyətə düşməsinə səbəb olur. Bu baxımdan, ETX tərəfindən vətəndaşlara hesab təhlükəsizliyinin gücləndirilməsi məqsədilə konkret tövsiyələr irəli sürülür və müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Mirakif Babayev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanda bu istiqamətdə lazımi işlər görülür. Lakin ölkəmizdə təhlükə səviyyəsinin yüksək olması səbəbindən görünür ki, hələlik bu işi tam şəkildə sona çatdırmaq mümkün olmur. Bu sahədə vəziyyət təkcə Azərbaycanda deyil, bütün dünyada mürəkkəbdir. Çünki proseslər bir nöqtədə dayanmayaraq daim inkişaf edir, hakerlərin sayı isə getdikcə artır. Eyni zamanda, dünya dövlətləri hazırda olduqca çətin bir dövrdən keçir və bu da müvafiq qurumların operativ reaksiya imkanlarını bəzən məhdudlaşdırır. Buna baxmayaraq, Azərbaycanda da, xüsusilə Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən bu sahədə əməli tədbirlərin görülməsi nəzərdə tutulur. Artıq gənc nəsildən olan kadrların hazırlanmasına başlanılması da bunun bariz göstəricisidir".
Elmir Heydərli
11:54 12.01.2026
Oxunuş sayı: 1917