Sosial mediada yaranan mənfi təsirləri azaltmaq üçün yeni tətbiq: Sosial şəbəkə artıq sizi düşünür
Silikon Vadisinin tanınmış simaları, Twitter-in həmtəsisçisi Biz Stoun və Pinterest-in həmtəsisçisi Evan Şarp sosial medianın yaratdığı mənfi təsirləri aradan qaldırmaq məqsədilə “Tangle” adlı yeni tətbiqi istifadəyə veriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Belə ki, “Tangle” “şüurlu həyat üçün nəzərdə tutulmuş yeni tip sosial şəbəkə” kimi təqdim olunur. Hazırda yalnız dəvət əsasında əlçatan olan tətbiq istifadəçilərə şəxsi məqsədlərini və ya “niyyətlərini” dostları ilə paylaşmaq, bir-birlərinin hədəflərini dəstəkləmək və bu məqsədlərə necə nail olduqlarını qiymətləndirmək imkanı yaradır.
Tətbiq istifadəçilərə gün ərzində “Bu günkü məqsədiniz nədir?” sualı ilə bildirişlər göndərir. Hazırda sınaq mərhələsində olan “Tangle” üzərində dəyişikliklərin ediləcəyi bildirilir.
Bildirək ki, şirkətin iş elanlarında tətbiq “insanlara şüurlu planlar qurmağa, günün reallığını dərk etməyə və həyatlarını formalaşdıran daha dərin bağları görməyə kömək edən bir vasitə” kimi təsvir edilir.
Fatimə Məmmədova
16:20 05.01.2026
Oxunuş sayı: 1857