Gələcəkdə işləmədən yaşamaq mümkün ola bilərmi?
Robot texnologiyalarının və süni intellektin sürətlə inkişafı cəmiyyətdə yeni suallar doğurur. Bir çox insanı narahat edən əsas məsələ isə bu texnologiyaların gələcəkdə insan əməyini tamamilə əvəz edib-etməyəcəyi və insanların işləmədən yaşayıb-yaşaya bilməyəcəyidir. Mövzu həm texnoloji imkanlar, həm də sosial və etik baxımdan geniş müzakirə olunur.
Bu barədə Crossmedia.az-a danışan süni intellekt üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, bu mövzu hazırda həm texnoloji, həm iqtisadi, həm də etik müzakirələrin mərkəzindədir:

" Robotlar və süni intellekt (Sİ) bəzi işləri əvəz edəcək, amma insanı tam əvəz etməyəcək. Yaxın gələcəkdə isə insanların tamamilə işləmədən maddi ehtiyaclarını ödəməsi real görünmür. Daha çox əvəz olunan sahələr təkrarlanan, standart və fiziki riskli işlərdir:
Zavod və istehsalat xətləri
Anbar və logistika (robot anbar sistemləri)
Kassa, call-center, sadə müştəri xidmətləri
Data emalı, sadə hesabatlar
Nəqliyyat (yarı-avtonom və gələcəkdə avtonom nəqliyyat)
Səbəb isə, bu işlərdə yaradıcılıq, empatiya və etik qərarvermə minimumdur.
Çətin əvəz olunan sahələrdə Sİ yardımçı rol oynayır, tam əvəz etmir:
Müəllimlik və təhsil
Həkimlik (xüsusilə diaqnoz + qərar məsuliyyəti)
Hüquq və məhkəmə
Psixologiya, sosial iş
Yaradıcılıq (ədəbiyyat, incəsənət, dizayn)
Strateji idarəetmə və liderlik
Səbəb isə insan faktoru yəni, empatiya, dəyər mühakiməsi və s.
Sİ və robotlar insanı tam əvəz edə bilməz. Çünkü o şüura sahib deyil, Məqsədi özü seçmir, veriləni icra edir, Etik məsuliyyət daşımır. Dünyada hələ də bəzi müzakirələr davam edir ki, hüquqi məsuliyyət kimdə olacaq?, robot səhv edəndə kim cavabdehdir?, insan ləyaqəti və əmək hüquqları necə qorunacaq? və s".
Mütəxəssisin sözlərinə görə, gələcəkdə insanlar işləmədən yaşaya bilməsi kimi fikirlər adətən “Universal Basic Income (UBI)” – ümumi baza gəliri ilə əlaqələndirilir:
"Teoridə mümkündür, praktikada çətindir. Çünkü qlobal miqyasda resurslar bərabər paylanmır, dövlətlər buna maliyyə cəhətdən hazır deyil. iş yalnız gəlir deyil, sosial rol və mənadır eyni zamanda. İnsan bəzən yalnız pul üçün işləmir. Özünü faydalı hiss etmək üçün, sosial status üçün, inkişaf və mənəvi doyum üçün işləyir.
Robotlar insanı əvəz etmir, insanın iş formasını dəyişir. Gələcəyin əsas bacarıqları kimi, yaradıcılıq, Sİ ilə işləmə bacarığı əhəmiyyətli yerdə olacağı düşünülür".
Fatimə Məmmədova
10:05 19.12.2025
Oxunuş sayı: 1685