Müsabiqə qalibi: "Ən vacib məqam özünə inanmaqdır" - MÜSAHİBƏ
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib. Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Orxan İsgəndərovdur . Həmin müsahibəni təqdim edirik:
– “Yüksəliş” müsabiqəsinin qalibi olmaq sizin üçün nə ifadə edir?
– “Yüksəliş” müsabiqəsinin qalibi olmaq insan üçün ciddi bir fərqlənmə göstəricisidir. Çünki bu müsabiqəyə minlərlə namizəd müraciət edir və həmin namizədlər arasından qalib seçilmək bir çox amilin məcmusu nəticəsində mümkün olur. Bu amillərə peşəkar təcrübə, şəxsi keyfiyyətlər, müxtəlif mərhələlərə uyğunlaşma bacarığı və bəzi hallarda, xüsusilə final mərhələsində, müəyyən qədər şans da daxildir. Nəzərə alsaq ki, finala çatan şəxslərin özü artıq potensial qaliblərdir, bu nəticə mənim üçün şəxsi brend baxımından mühüm bir fərq yaradır.
– Bu uğur şəxsi və peşəkar həyatınızda hansı dəyişikliklərə səbəb oldu?
– “Yüksəliş” çərçivəsində iştirakçılara mütəmadi olaraq hesabatlar təqdim olunurdu. Həmin hesabatlar vasitəsilə insan özünü daha yaxından tanımaq imkanı əldə edir. Güclü və zəif tərəflərimiz daha aydın görünür və bu da hansı istiqamətlərdə inkişaf etməli olduğumuzu göstərir. Bu proses mənim həm şəxsi inkişafıma, həm də peşəkar dünyagörüşümə ciddi təsir göstərdi.
– Müsabiqənin mərhələləri arasında sizin üçün ən çətin olan hissə hansıdır və bu çətinliyi necə aşdınız?
– Mərhələlərdən biri əsasən əl bacarığı tələb edirdi. Açıq desəm, bu sahə mənim ən güclü tərəfim deyildi. Lakin komandamızda bu bacarığı yüksək olan yoldaşlar var idi və onların dəstəyi ilə həmin mərhələdə müəyyən uğur əldə etdik. Bəli, digər komandalar daha yüksək nəticələr göstərmiş ola bilər, amma düşünürəm ki, ən önəmlisi bizim komanda ruhu, birlikdə işləmək və prosesdən zövq almaq idi.
– Lider kimi sizin üçün ən vacib xüsusiyyət hansıdır və “Yüksəliş” bu xüsusiyyəti necə gücləndirdi?
– Liderlikdə mənim üçün ən vacib xüsusiyyət “stakeholder management”, yəni maraqlı tərəflərin idarə olunmasıdır. İstənilən prosesdə həm bizə təsir edən, həm də bizim təsir etdiyimiz tərəfləri nəzərə alaraq qərar vermək vacibdir. “Yüksəliş” mərhələlərində bu yanaşmanın nə qədər önəmli olduğu aydın şəkildə hiss olunurdu. Məhz bunu düzgün tətbiq edən iştirakçılar daha uğurlu nəticələr əldə edirdi.
– Müsabiqəyə qatılmazdan əvvəl özünüzü bu uğura nə dərəcədə hazır hesab edirdiniz? Gözləntiləriniz nəticələrlə üst-üstə düşdümü?
– Əslində, “Yüksəliş”də daha əvvəl də iştirak etmək istəmişdim. Bu bir qədər zaman və cəsarət məsələsi idi. Bir dostum məndən əvvəl müsabiqədə iştirak etmiş və qalib olmuşdu. Onun verdiyi motivasiya və mənim bəzi fərdi xüsusiyyətlərimə olan inamı bu qərarı verməyimdə mühüm rol oynadı. İştirak etdikdən sonra anladım ki, bu, hər kəsin özünü sınamalı olduğu bir platformadır. Gözləntilərim isə nəticələrdən daha aşağı idi – reallıqda proses çox daha faydalı və praktik oldu.
– Digər iştirakçılardan sizi fərqləndirən əsas amil nə idi?
– Düşünürəm ki, əsas fərqləndirici cəhət “aktiv dinləmə” bacarığı idi. Bu, sadəcə qulaq asmaq deyil, qarşı tərəfin nə demək istədiyini dərindən anlamaqdır. Komanda daxilində bir-birimizi tamamlayırdıq və əsas rəqibin masa yoldaşlarımız yox, digər komandalar olduğunu dərk edirdik. Fərdi yanaşma göstərənlər isə adətən uğur əldə edə bilmirdi.
– Müsabiqə çərçivəsində qazandığınız ən dəyərli bilik və bacarıq nə oldu?
– Aktiv dinləmə bacarığı üzərində xüsusi olaraq işlədim. Analizlər göstərirdi ki, komanda uğurunun əsas şərtlərindən biri məhz budur. İnsanları dinləmək, onları anlamaq və bundan sonra analitik qərar vermək həm müsabiqədə, həm də gündəlik iş həyatımda mənə ciddi üstünlük qazandırdı.
– “Yüksəliş”də iştirak etmək istəyən gənclərə və peşəkar şəxslərə hansı tövsiyələri verərdiniz?
– Ən vacib məqam özünə inanmaqdır. Özünə inanan insan daha cəsarətli olur və çətin mərhələlərdə geri çəkilmir. Müsabiqədə çox çətin mərhələlər, xüsusilə məntiq testləri var idi və bir çox iştirakçı bu mərhələdə motivasiyasını itirirdi. Mən də çətinlik yaşadım, amma düşündüm ki, bu çətindirsə, hamı üçün çətindir. Səbirli olmaq və əlindən gələni ən yaxşı şəkildə etmək əsas uğur açarıdır.
– “Yüksəliş” müsabiqəsinin ölkədə liderlik ekosisteminin inkişafına təsiri barədə nə düşünürsünüz?
– Hesab edirəm ki, “Yüksəliş” ölkədə keyfiyyətli kadr ehtiyatının formalaşmasında mühüm rol oynayır. Burada həm dövlət, həm də özəl sektordan olan insanlar bir araya gəlir, güclü şəbəkə- network yaranır və iştirakçılar bir-birinin inkişafına dəstək olurlar. Bu baxımdan layihə olduqca unikal və strateji əhəmiyyət daşıyır.
-Uğurunuzun sirri, sizcə, nədə idi?
– Yarımfinal mərhələsini çox cüzi fərqlə keçmişdim və bu məqam məni ciddi şəkildə düşündürdü. Ailəmin və dostlarımın dəstəyi isə mənim əsas motivasiya mənbəyim oldu. Onlar mənə özümə inanmağı aşıladılar. Mən həmişə bu prosesdən zövq almağa fokuslanmışdım, lakin final mərhələsində artıq qalib olma hədəfini də açıq şəkildə qarşıma qoydum. Düşünürəm ki, məhz bu daxili motivasiya və strateji yanaşma uğurun əsas səbəblərindən biri oldu.
Elmir Heydərli
20:32 17.12.2025
Oxunuş sayı: 4633