Müsabiqə qalibi: "Yüksəliş"də qalib gəlmək şəxsi inkişaf yolumun ən güclü təsdiqlərindəndir -MÜSAHİBƏ
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib. Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Salman Babazadədir. Həmin müsahibəni təqdim edirik:
— "Yüksəliş" müsabiqəsində qalib gəlmək sizin üçün nə ifadə edir və bu uğura gedən yolda ən böyük motivasiyanız nə oldu?
— "Yüksəliş" müsabiqəsində qalib gəlmək mənim üçün titul deyil, şəxsi inkişaf yolumun ən güclü təsdiqlərindən biridir. Bu, illər boyu topladığım təcrübənin, liderlik potensialımın və ölkə üçün yaratmaq istədiyim dəyərin qiymətləndirilməsi deməkdir. Motivasiyam iki əsas amildən ibarət idi. Birincisi, özümü daha yüksək səviyyədə sınamaq istəyirdim. Hər zaman özümə qarşı tələbkar olmuşam və "Yüksəliş" bunun üçün ən doğru platforma idi. İkincisi isə məni dəstəkləyən insanlar – ailəm, iş yoldaşlarım, tələbələrim və dostlarım. Onların mənə inamı məsuliyyət hissimi daha da artırdı.
— Müsabiqəyə hazırlıq müddətiniz necə keçdi? Özünüzdə hansı yanaşmanı formalaşdırmışdınız?
— Hazırlıq prosesimdə əsasən özümlə işləyirdim. Müxtəlif situasiyaları təhlil edir, özümü fərqli vəziyyətlərə salaraq “orada nə edə bilərəm?” sualını cavablandırırdım. Çünki bu müsabiqədə xüsusi bir “hazırlıq ssenarisi” yoxdur – insan bildiyi qədərini, sahib olduğu bacarıqları ortaya qoya bilir. Buna görə də diqqətimi bilik və bacarıqlarımı maksimum effektiv istifadə etməyə yönəltdim. Strateji və praktiki hazırlıqlar etdim, özüm-özümlə simulyasiyalar qurdum, həmçinin rəhbər hesab etdiyim şəxslərdən mental dəstək alıb düşüncə tərzimi düzgün istiqamətdə qurduğuma əmin oldum.
— Bu müsabiqədə iştirak etməyə sizi vadar edən əsas səbəb nə idi? İlham mənbəyiniz kim və ya nə oldu?
— Uzun müddətdir "Yüksəliş" haqqında eşidirdim, lakin heç vaxt iştirak etməmişdim. Kənardan baxdıqca düşünürdüm ki, özümü mütləq bu platformada sınamalıyam. Əsas ilham mənbəyim ölkənin ən perspektivli liderlik yarışında iştirak edib cəmiyyətə daha böyük təsir göstərmək istəyim oldu. Həmişə düşünmüşəm ki, şəxsi inkişaf təkcə özümüz üçün deyil, başqalarına dəyər vermək və ilham yaratmaq üçündür. "Yüksəliş" mənə bu imkanı ən təmiz şəkildə təqdim etdi.
— Hansı bacarıq və keyfiyyətlərinizin qalib gəlməyinizdə əsas rol oynadığını düşünürsünüz?
— Müsabiqə boyunca bir çox bacarıqlarımın önə çıxdığını gördüm. Əsasən strateji düşünmə, situasiyalara tez adaptasiya olmaq, güclü kommunikasiya, komanda idarəetməsi, fokuslanmaq və sürətli qərarvermə bacarığım uğurumu formalaşdırdı. Bundan başqa, illərlə satış, liderlik və layihə idarəçiliyində topladığım təcrübə də mənim üçün böyük üstünlük oldu. Stres altında soyuqqanlı qalmaq və komandanı doğru istiqamətə yönləndirmək qabiliyyətim də mühüm rol oynadı.
— Bu müsabiqə sizə hansı dəyərləri daha dərindən anlatdı və nə öyrətdi?
— "Yüksəliş" mənə bir neçə dəyəri daha dərindən başa düşmək imkanı verdi.
Birincisi, məsuliyyətdir – liderlik yalnız bacarıq deyil, böyük bir məsuliyyətdir. İkincisi, daima inkişaf prinsipidir – heç bir mərhələ son deyil, özümüzün daha yaxşı versiyasını yaratmaq mümkündür. Üçüncüsü, çeviklik və adaptasiya – situasiyalar dəyişir, lider isə buna uyğunlaşmalıdır. Son olaraq isə eqosuz əməkdaşlıq – fərdi nəticələrdən daha önəmli olan komanda oyunudur. Müsabiqə ərzində bu dəyəri daha da möhkəmləndirdiyimi gördüm.
— Qalib olduqdan sonra gələcək planlarınız nələrdir? Bu uğur kariyeranızda hansı təsirləri göstərdi?
— "Yüksəlişdən" sonra fəaliyyətimdə yeni istiqamətlər açıldı. Daha əvvəl əsasən qlobal – xüsusilə Afrika bazarında çalışırdım. Hazırda "Bolt Business" komandasının rəhbəri kimi Azərbaycan bazarına daha çox töhfə verirəm. Liderlik bacarıqlarımı həm ölkə daxilində, həm də qlobal mühitdə daha təsirli şəkildə tətbiq etməyə çalışıram. "Yüksəliş" mənə bu anlamda çox ciddi platforma təmin etdi.
– Bu müsabiqədə iştirak etmək istəyənlərə hansı tövsiyələri verərdiniz?
– İllərdir mənə "Yüksəliş" öncəsi çox insan müraciət edir və verdiyim tövsiyələr demək olar ki, hamıya eynidir. İlk növbədə özünüzü tanıyın. Güclü və zəif tərəflərinizi dürüst qiymətləndirmək lazımdır. Hazırlığı sistemli edin, son günə saxlamağı doğru hesab etmirəm. Simulyasiyalara və real iş situasiyalarına daha çox vaxt ayırmaq lazımdır. Həmçinin kommunikasiya bacarıqlarının gücləndirilməsini tövsiyə edirəm – liderlik birbaşa bununla əlaqəlidir. Eqo ilə yox, dəyər yaratmaq niyyəti ilə müsabiqəyə qatılmaq lazımdır. Və ən əsası: özünüz olun. Liderlik süni təqdimatlarla yox, orijinallıqla ölçülür.
— Çətin anlarda özünüzü necə motivasiya edirdiniz? Hansı psixoloji yanaşma sizə kömək etdi?
— Həyatımda və "Yüksəlişdə" iki əsas motivasiya yanaşmam olub. Birincisi, məqsədyönümlülük – nəyə görə başladığımı özümə tez-tez xatırladırdım. İkincisi isə kiçik qələbələr sistemi – hər mərhələni ayrıca uğur kimi qəbul edirdim. Bu, həm prosesdən zövq almağa, həm də davam etmək üçün güc toplamağa kömək edirdi. Özümə həmişə deyirdim: “Əgər bu yola çıxmısansa, geri dönüş yoxdur. Davam et.” Bu düşüncə məni bütün mərhələlərdə aparan ən böyük psixoloji dəstək oldu.
Elmir Heydərli
11:46 12.12.2025
Oxunuş sayı: 1307