Robotlar insanı əvəz edəcək? – Mütəxəssislər gələcəyin ən real ssenarisini açıqladı
Süni intellekt və robot texnologiyalarının sürətli inkişafı artıq yalnız iş proseslərini yüngülləşdirmək deyil, bütövlükdə əmək bazarını yenidən formalaşdırmaq mərhələsinə keçib. Mütəxəssislər bildirirlər ki, yaxın illərdə robotlar fiziki güc tələb edən, təhlükəli və təkrarlanan işləri böyük ölçüdə öz üzərinə götürəcək. Bu isə insanların gördüyü işlərin xarakterinin dəyişməsi, daha çox yaradıcılıq və analitik düşüncə tələb edən sahələrə yönəlməsi ilə nəticələnəcək.
Süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Crossmedia.az-a açıqlamasında robotların və süni intellektin insanları tam şəkildə əvəz etməsinin yaxın gələcəyin real ssenarisinin olmadığını deyib: "Texnologiya bəzi fiziki və rutin işləri avtomatlaşdıra bilər. Avtomatlaşacaq işlər olacaq. Təkrarlanan, standart prosedurlara əsaslanan işlərdə robotlar və süni intellekt daha səmərəli ola bilər. Məsələn: anbar əməliyyatları, sadə mühasibat prosesləri, data daxil etmə, təhlükəli fiziki işlər. Amma insanın əvəzolunmaz olduğu sahələr qalır. Analitik düşüncə, yaradıcılıq, empatiya, sosial əlaqə, liderlik və strateji qərar vermə kimi sahələrdə insan hələ də texnologiyanın çox qabağındadır. Süni intellekt məlumatı emal edir, amma konteksti və mənanı insan qədər dərindən dərk etmir".
Mütəxəssis həmçinin qeyd edib ki, iş yox olmayacaq, lakin , işin forması dəyişəcək: "Yaxın gələcəkdə insanların işləməsinə ehtiyacın tamamilə ortadan qalxması real görünmür. Sadəcə peşələr transformasiya olacaq. İnsan daha çox rəqəmsal bacarıqlara, analitik düşüncəyə və texnologiya ilə əməkdaşlıq etməyə yönələcək. Bundan əlavə, robotlar və süni intellekt insanların maddi ehtiyaclarını özü qarşılayan bir sistem yaratmır. Bu, daha çox iqtisadi və sosial siyasətlərin verəcəyi qərarlardan asılıdır. Texnologiya yalnız imkan yarada bilər, amma “insan işləməsin, hər şeyi robotlar etsin” modeli qısa müddətdə real görünmür".
İT mütəxəssisi Elvin Abbasov da, həmçinin, açıqlamasında deyir ki, robotların və süni intellektin insanları tamamilə əvəz etməsi və maddi ehtiyacları ödəmək üçün fiziki işə ehtiyacın tam aradan qalxması ssenarisi həqiqətən də növbəti 15-20 il üçün nəzərdə tutulan yaxın gələcək deyil, daha çox 50 ildən yuxarı dövrə aid olan uzaq gələcək perspektivdir:
"Lakin növbəti iki onillikdə iş qüvvəsinin əsaslı transformasiyası və qismən avtomatlaşdırılması qaçılmazdır. Bu dövrdə süni intellektin inkişafı daha çox insanların imkanlarını artıran texnologiyalara, yəni rutinin, təkrarolunan və məlumatların analizi kimi mürəkkəb funksiyaların avtomatlaşdırılmasına fokuslanacaq. Beləliklə, növbəti 15-20 ildə tam əvəzetmə yox, robot-insan əməkdaşlığının yeni modeli formalaşacaq".
Süni intellekt üzrə mütəxəssis Ümid Salay da bu barədə fikirlərini bildirib. O qeyd edib ki, robotların insanları tam əvəz edəcəyi düşüncəsi uzun illərdir müzakirə olunur, lakin bu prosesi “insanı əvəzləmək” kimi yox, “işi yenidən formalaşdırmaq” kimi görmək daha doğrudur:
"Yaxın
gələcəkdə, xüsusilə fiziki güc tələb edən, təhlükəli və təkrarlanan işlərdə robotlar daha çox rol
oynayacaq. Bu il çıxan yeni nəsil humanoid modellərə baxanda da açıq şəkildə görünür ki,
onların əsas tətbiqi sahələri məhz ağır fiziki əməyin avtomatlaşdırılması, istehsalat, logistika,
anbar idarəçiliyi və sənaye işləridir".
Ekspert robotların insanı deyil, insanın yükünü əvəz edəcəyini vurğulayıb:
"Zehni əmək sahəsində isə süni intellektin təsiri daha sürətlə artır. AI artıq mətn yazır, analiz edir,
kodlaşdırır, vizual yaradır və bir çox sahədə insan əməyini gücləndirən köməkçiyə çevrilir.
Amma bütün bunlara baxmayaraq, AI insanı tam əvəz edə bilmir. Çünki yaradıcılıq, empatiya,
etik qərarvermə, strateji baxış və mədəni kontekst kimi sahələr hələ də insan təcrübəsinə bağlıdır.
AI məlumatdan nəticə çıxarır, insan isə təcrübədən mənalar yaradır — bu çox fundamental
fərqdir".
Ümid Salayın sözlərinə görə,
bəzi ssenarilərdə gələcəkdə insanların maddi ehtiyaclarını ödəmək üçün fiziki olaraq işləməməsi
mümkün görünür:
"Əgər istehsalın və xidmətlərin böyük hissəsini robotlar və süni intellekt həyata
keçirərsə, iqtisadi model dəyişə bilər. Bəzi ölkələr artıq “baza gəliri” kimi modeləri müzakirə
edir. Amma bu prosesi yalnız texnologiya deyil, eyni zamanda qanunvericilik, etik standartlar və
iqtisadi sistemlər müəyyən edəcək.
Mənim şəxsi baxışım budur ki, robotlar və süni intellekt insanı tam əvəz etməyəcək, amma insanın gördüyü işlərin xarakterini köklü şəkildə dəyişəcək. İnsan daha az fiziki iş görəcək,
daha çox yaradıcılığa, analitik düşüncəyə, problem həllinə yönələcək. Yəni robotlar insanı
yox, insanın yükünü əvəz edəcək.
Ən güclü gələcək modeli “insan + süni intellekt + robotika” əməkdaşlığıdır. Bu sinerji həm
iqtisadiyyatı daha məhsuldar edəcək, həm də insanın öz potensialını daha geniş sferalarda reallaşdırmasına imkan verəcək".
“Brigham Young” Universitetinin sosiologiya professoru Erik Dahlinin araşdırması isə robotlarla bağlı narahatlıqların heç də reallığı əks etdirmədiyini göstərir. Onun “Socium” jurnalında dərc edilən “Dinamik Dünya üçün Sosioloji Tədqiqatlar” adlı işinə görə, robotların insanları əvəz etmə sürəti düşünüldüyündən qat-qat aşağıdır.
Professorun 2000 nəfər arasında keçirdiyi sorğuda məlum olub ki, çalışanların cəmi 14%-nin işi robotla əvəz olunub. Lakin insanların öz təxminləri real rəqəmlərdən xeyli yüksəkdir: işini robotla itirənlər ümumi işlərin 47%-nin, işini itirməyənlər isə 29%-nin robotlar tərəfindən əvəzlənəcəyini düşünürlər.
Dahlin bu ziddiyyəti belə izah edir:
“Robotlarla bağlı təsəvvürlərimiz həddindən artıq şişirdilib. İşini itirməyənlər də, itirənlər də real vəziyyətdən bir neçə dəfə çox ehtimal verirlər”, – deyə o bildirib.
Professor qeyd edib ki, robotlaşma qorxusu hələ 1800-cü illərdən mövcuddur, lakin bu gün texnologiyanın inkişaf tempi insanları əvəz etmək üçün kifayət etmir. Əksinə, robotlar insanların işini yüngülləşdirərək əməkdaşlıq yaradır:
“Məsələn, mağazalarda təmizlik robotları insanların çata bilmədiyi yerlərə çatır və iş yükünü azaldır. Robot insanı yox, prosesi tamamlayır”.
Dahlin aviasiya sənayesini insan–robot əməkdaşlığının ən uğurlu nümunələrindən biri kimi göstərir:
“Təyyarə qanadlarının rənglənməsi üçün robotlar istifadə olunur. Bir robot boyanı 24 dəqiqəyə tətbiq edir, amma insan bunun üçün saatlar sərf etməli olur. Robot boyadan istifadə edərkən, insanlar prosesi nəzarətdə saxlayır və materialları yeniləyirlər”, – professor əlavə edib.
Fatimə Məmmədova
13:02 09.12.2025
Oxunuş sayı: 1072