Firdovsi Umudov: "Erməni idmançının təxribatı ilə bağlı beynəlxalq quruma müraciət etmişik"
Azərbaycan Ağırlıqqaldırma Federasiyası Ermənistan təmsilçisi Narek Mkrtçyanın Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyindəki təxribatı ilə bağlı Avdopa Ağırlıqqaldırma Federasiyasına rəsmi müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun vitse-prezidenti Firdovsi Umudov jurnalistlərə açıqlama verib.
O, idmançının qeyri-etik davranışı ilə bağlı danışıb:
"Biz idmançılara elə təxribatlara uymamağı tapşırmışıq. Ermənistan təmsilçisinin hərəkətlərinə daha soyuqqanlı reaksiya verdik. Ermənistan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi bizdən üzr istəyib. Amma yarışın Təşkilat Komitəsinə və Avropa Ağırlıqqaldırma Federasiyasına öz iradlarımızı bildirmişik. Söhbət dövlətin rəmzindən gedirsə, güzəştə gedə bilmərik. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Rəsmi şəkildə federasiyanın adından beynəlxalq quruma müraciət olunub. Bu məsələyə ədalətli şəkildə baxılacağına ümid edirik. Bizim mövqeyimiz birdir".
F.Umudov ağırlıqqaldıranların yarışdakı çıxışına da toxunub:
"Çox möhtəşəm uğur qazandıq. Səhvlərimiz də olub. Məşqçilər korpusu çatışmayan cəhətləri aradan qaldıracaqlar. Qazanılan medal münasibəti ilə idmançıları, məşqçiləri təbrik edirəm".
Qeyd edək ki, Ermənistan təmsilçisi Azərbaycan idmançısı Ravin Alməmmədovun şərəfinə Dövlət Himni səslənən zaman fəxri kürsüdə qeyri-etik hərəkətlər edib.
18:36 05.11.2025
Oxunuş sayı: 1021