Rabatda Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Rabatda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan səfirliyində təşkil edilən tədbirə Azərbaycan icmasının üzvləri, Mərakeşin dövlət qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli və xarici media nümayəndələri olmaqla, 150-yə yaxın qonaq qatılıb.
Səfir Nazim Səmədov çıxışında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixə yazdığı möhtəşəm qəhrəmanlıq səhifəsi barədə danışıb. Qeyd edib ki, tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpa olunduğu 2020-ci ilin 8 noyabrı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Diplomat vurğulayıb ki, şücaətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib, ölkəmizin beynəlxalq sərhədləri daxilində suverenliyini bərpa edib. Eyni zamanda, tədbirdə azad olunmuş torpaqlarda aparılan böyük quruculuq işlərindən danışılıb. Qeyd olunub ki, işğalın dağıtdığı yerlərdə qısa müddət ərzində yeni-yeni yaşayış məskənlərinin, xəstəxanaların, məktəblərin və digər infrastrukturun yaradılması xalqımızı sevindirir. Köçkünlərin yurdlarına qayıdışı təkcə hərbi zəfərin deyil, həm də humanitar zəfərin nəticəsidir.
Eyni zamanda, diqqətə çatdırılıb ki, cari ilin avqustunda Vaşinqtonda Sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda sülhə, əməkdaşlığa əsaslanan yeni mərhələ açır.
Daha sonra xalq-Prezident birliyinin təntənəsi olan 44 günlük müharibədə qazanılan şanlı Zəfər Gününə həsr edilmiş film nümayiş olunub. Həmçinin qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.
Tədbirin sonunda iştirakçılar gənc pianoçu, beynəlxalq mükafatlar laureatı Eldəniz Əkbərzadənin ifasında zəngin klassik Azərbaycan musiqisi, eləcə də dünya bəstəkarlarının əsərlərindən parçalar dinləyiblər.



22:16 04.11.2025
Oxunuş sayı: 1165