Müsabiqə qalibi: “Yüksəliş”ə hazırlaşmağın vahid formulu yoxdur- Müsahibə
                                            Artıq bir neçə ildir həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkədə böyük maraq doğuran və yaxından izlənən nüfuzlu bir layihəyə çevrilib. Proqramın əsas məqsədi istedadlı və perspektivli kadrları müəyyənləşdirərək onların bilik və bacarıqlarına uyğun olaraq daha yüksək vəzifələrə irəli çəkilməsini təmin etməkdir. Bu, dövlətin peşəkar və inkişaf yönümlü gənclərə verdiyi dəyərin real göstəricisidir. Müsabiqənin əvvəlki illər qaliblərinin bu gün müxtəlif sahələrdə yüksək məsuliyyətli vəzifələrdə çalışması “Yüksəliş”in praktiki nəticələrinin ən bariz sübutudur. Layihə yalnız idarəetmə sahəsinə yeni nəfəs gətirmir, eyni zamanda etibarlı və peşəkar kadr ehtiyatının formalaşmasına mühüm töhfə verir. Hər il onlarla bacarıqlı, motivasiyalı gəncin aşkara çıxması, onların inkişafına yeni fürsətlər açılması bu proqramın nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Sənan Mustafayevdir. Onunla müsahibəni təqdim edirik:
- Əvvəlcə özünüz barədə oxucularımıza məlumat verməyinizi istəyərdik
- Mən Mustafayev Sənan, 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. 2005–2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili almışam. Sonra hərbi xidmətdə olmuşam və qayıtdıqdan sonra magistratura təhsilimi də həmin universitetdə davam etdirmişəm. Hazırda PAŞA Bank ASCdə Hesabatlılıq departamentinin direktoru vəzifəsində çalışıram.
- “Yüksəliş” müsabiqəsi ilə necə tanış oldunuz və iştirak qərarını necə verdiniz?
- Əslində “Yüksəliş” müsabiqəsi haqqında ilk dəfə keçiriləndən məlumatlı idim, amma o zaman iştirak etməyi düşünmürdüm. Dördüncü “Yüksəliş” müsabiqəsində isə iş yoldaşlarımın təşviqi ilə qatıldım. Açığı, əvvəlcədən bu müsabiqə barədə dərin məlumatım yox idi və gözləntilərim də yüksək deyildi. Lakin həmkarlarım israr etdilər ki, bu platforma mənim üçün uyğundur. Mən də müsabiqəyə qatıldım.
- Belə düşüncə var ki, "Yüksəliş" müsabiqəsi qalibləri əsasən xaricdə təhsil alan şəxslərdir. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, çoxları düşünür ki, “Yüksəliş”də uğur qazanmaq üçün xaricdə təhsil almaq vacibdir. Amma mənim qalibiyyətim bunun əksini sübut edir. Mən təhsilimi ölkə daxilində almışam və uğur qazanmışam. Əlbəttə, xaricdə top universitetlərdə təhsil alan gənclərin məsələlərə baxış bucaqları və yumşaq bacarıqları daha inkişaf etmiş olur – bu da təhsilin çox keyfiyyətli olmasından irəli gəlir. Amma bu fərq qalib gəlmək üçün həlledici amil deyil. “Yüksəliş” müsabiqəsində əsas meyar təhsil yeri deyil, şəxsin potensialı, analitik düşüncə tərzi və idarəetmə bacarığıdır.
- Müsabiqəyə necə hazırlaşdınız? Bir az bu müddətdən danışa bilərsinizmi?
- Fikrimcə, “Yüksəliş”ə hazırlaşmağın vahid formulu yoxdur. Qabiliyyət imtahanına müəyyən qədər hazırlaşmaq mümkündür. Amma, Ümumi biliklər və idarəetmə bacarıqları imtahanına, yarımfinal və final mərhələlərinə “hazırlaşmaq” mümkün deyil – bu, insanın dünyagörüşü və peşəkar fəaliyyətinin nəticəsidir.
- Suallar haqqında nə deyə bilərsiniz? Çətin idimi?
- Məsələn, idarəetmə bacarıqları ilə bağlı suallar çox keyfiyyətli və dərin düşüncə tələb edən idi. Mən xüsusi hazırlıq keçməsəm də, sualların məntiqi quruluşu və situasiyaların reallığa uyğunluğu xoşuma gəldi. Digər mərhələlərdə də eyni keyfiyyəti müşahidə etdim. Ümumiyyətlə, müsabiqənin sualları ildən-ilə təkmilləşir.
- Sizcə, müsabiqədə hansısa dəyişiklik edilməlidirmi?
- Məncə, gələcəkdə “Yüksəliş” müsabiqəsinin tələbələr üçün ayrıca bir mərhələsinin yaradılması faydalı ola bilər. Çünki universitetin son kurslarında çox potensiallı gənclər var. Onların bu platforma vasitəsilə seçilib dövlət sektorunda təcrübə keçməsi, gələcək rəhbər kimi yetişdirilməsi ölkəmiz üçün strateji baxımdan vacib ola bilər.
- Gənclər bu müsabiqəyə niyə qatılmalıdırlar?
- Ən vacib səbəb – öz konfort zonalarından çıxmaq və özlərini daha dərindən tanımaq üçündür. Mən bu müsabiqə vasitəsilə özüm haqqında yeni tərəflər kəşf etdim. “Yüksəliş” təkcə yarış deyil, həm də özünü dərk və inkişaf prosesidir. Qalib olub-olmamağından asılı olmayaraq, bu müsabiqə gənclərə ölkənin müxtəlif sahələrindən olan istedadlı insanlarla tanış olmaq, şəbəkələrini genişləndirmək və öz potensiallarını sınamaq imkanı yaradır.
- Bu müsabiqə sizə nə qazandırdı?
- Düzünü desəm, bu müsabiqə mənə yalnız 20 min manat mükafat qazandırmadı. Ən böyük dəyəri — mentorlarla görüşlər, lider şəxslərlə ünsiyyət və yeni şəbəkələşmə imkanları oldu. Mentorlarla açıq, səmimi mühitdə fikir mübadiləsi aparmaq, onların düşüncə tərzini yaxından anlamaq mənim üçün ən qiymətli təcrübələrdən biridir.
Ayhan




20:25 03.11.2025
Oxunuş sayı: 1908