“Sovetski” ilə bağlı absurd yanaşma: Problemin əsas səbəbi bəzi məmurların məsuliyyətsizliyidir- Mütəxəssis narazıdır
Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) aparatının şöbə müdiri Rəşid Ağayev deyib ki, "Sovetski" ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü ümumilikdə 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır.
Onun sözlərinə görə, Təzə Pir məscidinin ətrafında gedən söküntülərlə bağlı yayılan neqativ yazılar həqiqəti əks etdirmir:
"Bu ərazidə 73 dövlət reystrindən keçmiş tarixi memarlıq abidəsi, 54 ədəd isə tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü tarixi binalar qorunacaq".
Qeyd edək ki, BŞİH-nin yaydığı məlumata görə, "Sovetski"də rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb. Bildirilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli küçəsi 31 ünvanında yerləşən tarixi binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib.
Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.
Məlum olduğu kimi, paytaxtın bəzi ərazilərində yenidənqurma və bərpa işlər gedir. Lakin bu işlər çərçivəsində heç də bütün tikilələrə bərabər yanaşılmır. Onlardan bəziləri dağıdırılır, bəziləri isə tarixi irs siyahısına daxil olunur. Meyar isə qeyri- müəyyəndir. Kimsə deyə bilmir ki, nəyi, hansı prinsipi əsas götürür.
Bu barədə Crossmedia.az-a danışan Tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs mütəxəssisi bildirib ki, “Sovetski” ərazisinin mədəni irs kimi qorunması zəruridir: “Sovetski” adlandırılan ərazi, əslində, paytaxtın tarixi “Bayır şəhər” hissəsinə daxildir. Bu ərazi kompleks şəkildə öyrənilməli və qorunmalıdır. Mədəni irsin qorunması yalnız binaların fiziki saxlanması ilə bitmir – onların tarixi, memarlıq xüsusiyyətləri, şəhərsalma quruluşu və daşıdıqları dəyərlər də araşdırılmalıdır. Bu məsələ ilə bağlı biz dəfələrlə Mədəniyyət Nazirliyinə, Dövlət Xidmətinə və Milli Elmlər Akademiyasına məlumatlar təqdim etmişik. Qeyd etmək lazımdır ki, Azərbaycan 1999-cu ildə “Avropa Konvensiyasına” və “Venesiya Xartiyasına” qoşulub. Həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il qanuna əsasən, bu ərazilər kompleks şəkildə qorunmalıdır.
Lakin son zamanlar paytaxtın Baş Şəhər İdarəetməsi tərəfindən verilən bəzi açıqlamalarda qeyd olunur ki, yalnız gözəl görünüşlü binalar qorunacaq. Bu yanaşma tamamilə absurddur. Binalar estetik gözəlliyinə görə deyil, tarixi və etik dəyərinə görə saxlanmalıdır. Etik məsələ ondan ibarətdir ki, bu tikililər bizim tariximizin parçasıdır və şəhərin toxumasını təşkil edir. Ona görə də “Sovetski” ərazisindəki binalar tək-tək deyil, bütöv kompleks kimi qorunmalıdır. Dünyanın heç bir yerində bu cür seçmə prinsipinə əsaslanaraq mədəni irs qorunmur. Problemin əsas səbəbi bəzi məmurların məsuliyyətsizliyidir. Əgər bu məsələyə vicdanla yanaşsalar, anlayarlar ki, mədəni irsin qorunması təkcə “gözəl görünən” tikililərlə məhdudlaşmır. Venesiya Xartiyasının birinci maddəsində də vurğulanır ki, yalnız monumental və möhtəşəm abidələr deyil, eyni zamanda sadə tikililər və onları əhatə edən mühit də bütöv şəkildə qorunmalıdır. Beləliklə, Sovetski kimi ərazilər mədəni irsimizin mühüm parçasıdır və onların qorunması estetik yox, tarixi və etik məsələdir. Bu, həm milli kimliyimizin, həm də şəhərin memarlıq yaddaşının qorunması baxımından vacibdir”.
Sevinc Sultanlı
22:37 31.10.2025
Oxunuş sayı: 2526