Azərbaycanın rəqəmsal transformasiyası: Özəl sektorun süni intellekt və texnologiyalara keçidi sürətlənir

Müasir dövrdə texnologiya və rəqəmsallaşma iqtisadiyyatın və cəmiyyətin inkişafında mühüm rol oynayır. 4-cü Sənaye İnqilabı çərçivəsində yeni texnoloji irəliləyişlər ölkələrin rəqabətqabiliyyətliliyini artırmaq və dayanıqlı iqtisadi artımı təmin etmək üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti bu tendensiyaları nəzərə alaraq, rəqəmsal iqtisadiyyatın inkişafını prioritet sahə kimi müəyyən edib. Baş nazir Əli Əsədovun qeyd etdiyi kimi, ölkə texnoloji innovasiyaların tətbiqi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, özəl sektorun yeni tələblərə uyğunlaşmasını təmin etməyi strateji hədəf hesab edir. Bu baxımdan, Azərbaycanın "Rəqəmsal İnkişaf Konsepsiyası", "Süni İntellekt Strategiyası" və 2025–2028-ci illəri əhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" milli iqtisadiyyatın texnoloji infrastrukturunu gücləndirmək, biznes və hökumət arasında sinerjini artırmaq və qlobal texnoloji trendləri uğurla uyğunlaşdırmaq məqsədini daşıyır.
Mövzu barədə Crossmedia.az saytına açıqlama verən İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, Azərbaycanın “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası” ölkənin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, özəl sektorun qlobal rəqabətə uyğunlaşmasını da hədəfləyir.
O qeyd edib ki, bu məqsədə çatmaq üçün ilk növbədə praktiki addımlar atılmalıdır: bizneslərin rəqəmsal savadlılığı artırılmalı, müasir texnologiyalar tətbiq edilməli, şirkətlərin ənənəvi idarəetmə modellərindən data əsaslı qərarvermə mexanizmlərinə keçidi təmin edilməlidir: "Bunun üçün təlim proqramları, startap ekosisteminə dəstək mexanizmləri və texnoloji transfer imkanları gücləndirilməlidir.
E.Abbasov, həmçinin vurğulayıb ki, özəl sektorun rəqəmsallaşmasını sürətləndirmək üçün dövlət və biznes arasında strateji tərəfdaşlıqlar vacibdir: "Bulud xidmətləri, süni intellekt alətləri və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi üçün güzəştlər və stimullaşdırıcı maliyyə mexanizmləri yaradılmalıdır. Bu, kiçik və orta biznesin (KOB) rəqəmsal texnologiyalara çıxışını asanlaşdıracaq və onların daha çevik, innovativ fəaliyyətinə şərait yaradacaq".
Mütəxəssis əlavə edib ki, süni intellektin tətbiqi yalnız texnologiyanın idxalı ilə məhdudlaşmamalıdır: "Yerli şirkətlər öz sahələrində süni intellektə əsaslanan həllər hazırlamalı və bunları real sektorun ehtiyaclarına uyğunlaşdırmalıdır. Logistika, maliyyə, səhiyyə və kənd təsərrüfatı sahələrində pilot layihələrin icrası bu baxımdan xüsusi önəm daşıyır. Belə addımlar texnologiyanın effektivliyini sübut etməklə yanaşı, onun geniş miqyasda tətbiqini də stimullaşdıracaq. Nəhayət, informasiya təhlükəsizliyi məsələsi də diqqətdən kənarda qalmamalıdır. Özəl sektor rəqəmsallaşdıqca kiberhücumlara qarşı həssaslığı artır. Bu səbəbdən şirkətlər kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərməli, məlumatların qorunmasını təmin etməli və beynəlxalq sertifikatlaşdırmalardan keçmək üçün dəstək almalıdır. Bu yanaşma həm yerli, həm də qlobal bazarda etibarın formalaşmasına xidmət edəcək".
Mehriban Yariyeva
12:51 03.10.2025
Oxunuş sayı: 2640