Ağ Ev Trampın Qəzza üzrə sülh planını dərc edib

Ağ Ev ABŞ Prezidenti Donald Trampın
Qəzzadakı münaqişəyə son qoymaq məqsədi daşıyan 20 bəndlik tamformatlı sülh
planını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, plana əsasən, dərhal atəşkəs
elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə
girovların azad olunması nəzərdə tutulur.
Sənədə görə, İsrail təklifi qəbul
etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək.
"Bütün girovlar azad olunduqdan
sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra
saxlanılan 1 700 mülki sakini təhvil verməlidir", – sənəddə qeyd olunur.
Bununla yanaşı, ABŞ-nin beynəlxalq
tərəfdaşlarla birlikdə Qəzza üçün müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrini
yaratmaq üçün əməkdaşlıq edəcəyi vurğulanır. Trampın planında, həmçinin bölgədə
iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi
zonanın yaradılması da nəzərdə tutulur.
Sənədə silahı yerə qoyub dinc yanaşı
yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk
etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və
digər qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada
iştirak etməməlidirlər.
Qəzzaya nəzarət müvəqqəti olaraq
texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu
komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə
cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən
ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ
Prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək.
Plan Qəzzanın İsrail tərəfindən işğalını
və ya ilhaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir.
23:02 29.09.2025
Oxunuş sayı: 867