Niderlandın Haaqa şəhərində “Leyli və Məcnun” operasından parçalar səsləndirilib

Niderlandın Haaqa şəhərində yerləşən De Vaillant teatrının səhnəsində bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Leyli və Məcnun” operasından parçalar səsləndirilib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Niderlandda akreditə olunmuş diplomatik korpusun üzvləri, həmçinin müxtəlif şəhərlərdən gələn Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.
Açılış nitqində Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova tamaşaçılara dahi bəstəkarımız Üzeyir Hacıbəyli və nümayiş olunacaq “Leyli və Məcnun” operası haqqında geniş məlumat verib.
Ardınca Azərbaycan Respublikası və Niderland Krallığının dövlət himnləri səsləndirilib və Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək tədbir haqqında öz ürək sözlərini bildirib.
Leyli partiyasını Opera və Balet Teatrının keçmiş solisti Vüsalə Cabir ifa edib, Məcnun rolunu isə Arif Babayevin yetirməsi Nəhmətağa Əliyev canlandırıb. Onları tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova ustalıqla müşayiət edib.
Konsertin sonunda fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkdirilib.
20:45 13.09.2025
Oxunuş sayı: 516