Cinsi zorakılığa məruz qalmış qızların müdafiəsi üçün ilk addım psixoloji yardımın göstərilməsidir

Ağdam rayonunda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər saxlanılıb. Hadisə barədə zərərçəkən ailəsinə məlumat verib və məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb. Hazırda saxlanılan şəxslərlə bağlı istintaq aparılır. Bu kimi hadisələr cəmiyyət üçün ciddi narahatlıq doğurur və yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq halları qətiyyən yolverilməzdir. Ədalətin bərqərar olması və günahkarların layiqli cəza alması vacibdir. Bununla yanaşı, uşaqların təhlükəsizliyini təmin etmək üçün maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirilməsi də önəmlidir.
Mövzu ilə bağlı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Crossmedia.az saytına açıqlama verib.
M.Zeynalova zorakılığa məruz qalmış şəxsin özünün ittiham olunduğu zaman, onun həmin mühitdə qalmasının və reputasiyasını qorumasının çətinləşdiyini bildirib: “Cinsi zorakılığa məruz qalmış qızların müdafiəsi üçün ilk addım psixoloji yardımın göstərilməsidir. Təbii ki, bəzi hallarda ailələr dəstək verə bilir. Burada müəyyən stereotiplər də öz rolunu oynayır. Çünki əksər vaxt zorakılığa məruz qalmış şəxsin özü ittiham olunur. Və həmin mühitdə ətraf həm ailəni, həm uşağı qınayacaqsa, onun o mühitdə qalması bir qədər çətin olacaq. Onun reputasiyası üçün imkanlar məhdud olacaq. Belə hallarda dərhal hüquq-mühafizə orqanları psixoloji yardıma yönəltməlidir. Əgər bölgədə yaxşı psixoloq varsa və mütəmadi psixoloji yardım göstərəcəksə, təbii ki, paralel olaraq istintaq öz işini görəcək və cinayəti törətmiş şəxslər cəzalandırılacaq.
İkinci bir məsələ bu hadisədə hüquq-mühafizə orqanlarının məsələyə həssas yanaşması və lazımi tədbirlər görməsidir. Bəzi hallarda hadisə dəfələrlə sorğu-sual edilir. Və bu zaman sualların düzgün quruluşu, sualın verilmə tərzi kifayət qədər həssas çatdırılmalıdır. Ehtimal ki, istintaq davam edir və uşaq oradadır. Amma onun psixoloji reabilitasiyaya yönləndirilməsi vacibdir. Belə hallar zorakılıq qurbanlarının mütləq şəkildə gələcəkdə öz həyatlarına təsir edir. Bəziləri düşünür ki, əməli törədən şəxs cəzalandırıldı və hər şey həll oldu. Lakin cəzadan əlavə zorakılığa məruz qalmış şəxsin özünün reabilitasiyası, bu travmadan çıxması, bu travmayla yaşamaması, gələcək həyatında dəyişikliklərin baş verməməsi üçün dəstək və ətraf mühit mütləq şəkildə vacibdir.
Ən vacib məqamlardan biri də onun tibbi yardım almasıdır. Zorakılığa məruz qalmış şəxslərin tibbi yardım alması, müxtəlif infeksiyalara qarşı analizlərin verilməsi vacib şərtlərdən biridir ki, gənc qıza hansısa xəstəliklər ötürülə bilər, onun zədələnməsi, başqa ağır zədələr alması halı baş verə bilər”.
Nicat Rüstəmzadə
14:54 12.09.2025
Oxunuş sayı: 1196