"Sürücü Vüsal Məmmədliyə niyə də "Rəşadət" ordeni verilməsin? - TƏKLİF

Sentyabrın altısında Binəqədi rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi birmənalı olaraq sürücülərin daha məsuliyyətli olmasına və diqqətli olmağına bir dərs oldu. Hadisə zamanı "DAF" markalı yük avtomobilinin digər avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.
Baş verən hadisə zamanı yüzlərlə insanı xilas edən öz ani və soyuqqanlı davranışı ilə gündəmə gələn "92" nömrəli avtobus sürücüsü Vüsal Məmmədli isə həmkarlarına nümunə olmalıdır.
Nəqliyyat eksperti İlqar Hüseynli qəza və sürücünün peşəkarlığı barədə Crossmedia.az-a danışıb: "Bu kimi qəzalarda bu cür ani və soyuqqanlı davranışın peşəkarlıqdan qaynaqlanır. Məncə, belə halların qarşısını almaq üçün hər zaman peşəkar və daha çox sərnişindaşıma təcrübəsi olan sürücülərin işə cəlb olunmasına nail olmaq vacibdir. Çünki oradakı sürücülərin peşəkarlığı çox yüksək səviyyədədir. Həmin görüntülərə baxsaq, görərik ki, sürücülər heç bir halda diqqəti yayındıran hərəkətlərə yol vermirlər. Onlar nə telefonla oynayır, nə siqaret çəkir, nə də sərnişinlə mübahisə edirlər. Əksinə, bütün diqqətlərini yalnız yola və ətrafda baş verən vəziyyətlərə yönəldirlər.Məhz bu ayıqlığın nəticəsində qəza anında sürücü böyük ustalıq göstərərək sərnişinləri ciddi bir bədbəxtlikdən, böyük bir fəlakətdən xilas edə bilib. Düşünürəm ki, həmin hadisədə yük maşınının sürücüsü kobud səhvə yol verib. Burada iki mühüm məqama diqqət yetirmək lazımdır: birincisi, ağır tonnajlı maşını idarə edən sürücünün böyük məsuliyyətsizliyi, ikincisi isə onun yol verdiyi kobud səhvdir".
Ekspert, həmçinin sosial şəbəkələrdə sürücünun "Rəşadat" ordeni ilə mükafatlandırılmasına dair təkliflərə münasibət bildirib: "Hazırda sosial şəbəkələrdə də müzakirə olunur ki, sürücü böyük qəhrəmanlıq göstərib və ona orden verilməlidir. Əlbəttə, bu qəhrəmanlıq danılmazdır. Amma ordenlərin verilməsi ilə bağlı Prezidentin xüsusi sərəncamları və konkret təsbit olunmuş tələblər mövcuddur. Düşünmürəm ki, bu məsələ diqqətdən kənarda qalmayacaq. Əgər o tələblərə, yəni çoxsaylı insan tələfatının qarşısının alınması kimi meyarlara cavab verirsə, niyə də verilməsin? Axı o da Azərbaycan vətəndaşıdır, gözəl bir nümunədir və digər sürücülər üçün də örnək ola bilər".
Elmir Heydərli
14:31 09.09.2025
Oxunuş sayı: 2344