Erkən nikah problemi: Cəmiyyətin dərdinə dərman tapılmalıdır!

Cəmiyyətimizin əsas sosial problemlərindən biri də erkən nikahdır. Erkən nikahla bağlı müxtəlif regionlarda müxtəlif qurumlar tərəfindən maarifləndirmə kompaniyaları aparılsa da bu problem tam şəkildə həllini tapmayıb. Əlində kitabla məktəbə gedəcək qız uşaqlarına gəlinlik geyindirərək nikah salonlarına yola salırlar. Düşüncəsiz valideynlərin çoxluğu isə ildən-ilə bu statistikanı artırır. Bu günlərdə Zərdabda hüquq mühafizə orqanları tərəfindən daha bir erkən evliliyin qarşısı alınaraq valideynləri cərimələnib. Hüquqi tənzimləmərin, cəza tədbirlərinin olmasına baxmayaraq erkən evlilik məsələsi həll olunmur. Bunun üçün başqa hansı zəruri addımlar atılmalıdır?
Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlama verib:
“Erkən evliliklər (və ya uşaqların nikaha cəlb edilməsi), müasir sosioloji diskursda mədəni zorakılıq forması kimi təhlil olunur. Azərbaycanda müşahidə edilən erkən evlilik halları, xüsusilə də regionlarda, patriarxal ailə modeli və təhsil resurslarına qeyri-bərabər çıxış kimi faktorların sintezindən qaynaqlanır. Valideynlərin uşaqlarını erkən nikaha cəlb etməsi çox zaman iqtisadi təzyiqlərin, sosial nəzarət mexanizmlərinin və adət ənənələrin təsiri altında baş verir. Ənənəvi cəmiyyətlərdə qız uşağının “vaxtında ərə verilməsi” əxlaqi-mədəni normanın bir hissəsi kimi qəbul olunur, Erkən nikah təhlükəsizliyin, ailə namusunun və sosial nəzarətin təminatı kimi qiymətləndirilir”.
Sosioloq həmçinin qeyd edib:
“Əslində müasir cəmiyyət üçün maarifləndirmə kifayət qədər olsa da nəticəsi çox da gözəçarpan olmur. Ancaq düşünürəm ki, ictimai qınaq öz bəhrəsini verir. Məsələn texnologiyanın verdiyi imkanlardan istifadə etməklə cəmiyyətin sosial-mədəni strukturlarının modernləşməsi təmin edilir. İctimai qınağın sosial mediada genişlənməsi, dövlətin nəzarət imkanlarını artırır. Bu da yaxşı haldır. Cəmiyyətin texniki və hüquqi infrastrukturu modernləşir, lakin mədəni şüur, normativ düşüncə və davranış modelləri eyni templə dəyişmir. Ona görə də hələ də erkən nikah kimi bir sıra sosial problemlər mövcuddur. Düşünürəm ki, hər mədəniyyətin öz dəyərləri var, amma dəyərlər dəyişməz deyil. Əgər bir dəyər insanı məhv edirsə, onu yaşatmaq deyil, dəyişmək lazımdır. Erkən nikah – əgər insanın gələcəyini əlindən alırsa – o zaman bu ənənə deyil, problemdir. Texnogen cəmiyyət və yeni imkanlar bu problemi həll etmək üçün dövlət-vətəndaş həmrəyliyini artırır. Problemin əhatə dairəsi getdikcə azalır, müasir cəmiyyət, yeni nəsil problemin həllinin əsas qüvvəsinə çevrilir”.
Hüquqşünas Ramil Süleymanov isə mözvu ilə bağlı açıqlamasında qeyd edib ki, birinci növbədə cəmiyyətdə erkən nikahın qadağan olunması ilə bağlı 1 iyul 2025-ci ildən qüvvəyə minmiş həm inzibati xətalara həm ailə məcəlləsinə həm də cinayət məcəlləsinə edilmiş dəyişikliklə bağlı təbliğatlar ciddi şəkildə aparılmalıdır. “Həm dövlət qurumları həm icra hakimiyyəti orqanları həm də Qeyri Hökümət Təşkilatları (QHT) tərəfindən regionlarda mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Yalnız bu şəkildə erkən evliliyin o cümlədən qohum evliliyi ilə bağlı təbliğatların aparılması insanlarda müəyyən fikirlər formalaşdıra bilər. Əgər bu tədbirlər effektiv olmazsa, düşünürəm ki, erkən nikahların həyata keçirilməsinə qarşı qoyulan bütün qanunvericilik aktlarının daha da sərtləşməsi qaçılmaz olacaq”.
Ayhan
14:18 04.09.2025
Oxunuş sayı: 1063