Hafiz Paşayev: "Azərbaycan texnoloji tərəqqiyə doğru aktiv şəkildə irəliləyir"

Təhsilə sərmayə qoymaq və biznes təşəbbüslərini dəstəkləmək ölkənin davamlı inkişafını və rifahını təmin etmək üçün ən effektiv yollardır.
Crossmedia.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Bakıda keçirilən 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və ICPC dünya finalı məhz dünyanın ən nüfuzlu universitetlərindən olan gənc tələbələrin yarışması olduğu üçün onlar arasında xüsusi əhəmiyyət kəsb edir: "Yarışma iştirakçılardan riyaziyyat, mühəndislik və məntiq sahəsində fövqəladə keyfiyyətlərə və biliklərə sahib olmağı, həmçinin komanda şəklində işləmək, tənqidi düşünmək və sürətlə innovativ həllər inkişaf etdirmək bacarığı tələb edir".
Rektor qeyd edib ki, Azərbaycan texnoloji tərəqqiyə doğru aktiv şəkildə irəliləyir: "Yeni innovativ İT ekosisteminin inkişafı ölkənin qlobal biznes reytinqində mövqeyini və rolunu getdikcə daha çox formalaşdıracaq. ICPC dünya finalının Bakıda keçirilməsi bu yolda mühüm addımdır. Biz əminik ki, bu tədbir ölkəmizdə İT inkişafının irəliləməsində bir dönüş nöqtəsi olacaq və qlobal diqqəti Azərbaycana cəlb edəcək".
16:54 01.09.2025
Oxunuş sayı: 840