“Üçüncü qrupda keçid ballarının yüksəlməsi başadüşüləndir”- Ekspert

Bu il Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planı 96,27 faiz yerinə yetirilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, qəbul göstəricisi əvvəlki illə müqayisədə təxminən 2 min tələbə artıb.
Bu nəticə Azərbaycanda ali təhsilə marağın yüksək olduğunu göstərir. Eyni zamanda, fərqli ixtisas qruplarında plan yerlərinin yüksək faizlə dolması tələbə seçiminin balanslı olduğunu ortaya qoyur. Bu artım gələcəkdə əmək bazarında ixtisaslı kadr çatışmazlığının azaldılmasına töhfə verə bilər.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a açıqlama verib.
O, keçən il ilə müqayisədə ciddi bir fərq olmasa da, müəyyən qruplarda keçid ballarının düşməsi və plan yerlərinin artması halları müşahidə olunduğunu bildirib: “Bu il birinci cəhddən plan yerlərinin dolması keçən ilə nisbətən daha çoxdur. Bu il keçən ilə nisbətən həm ümumi, həm də dövlət sifarişli əsaslarla olan plan yerləri artırılmışdı. Ona görə bu ilki nəticələr əvvəlki ilə görə tələbə olmaq istəyənlərin sayı baxımından daha yaxşıdır. Düzdür, üçüncü qrupda müsabiqə bir az gərgin idi. Burada tələbə ola bilməyənlər də var. Amma digər qruplarda vəziyyət yaxşı idi. Yəni keçid balını toplayan hər kəs istədiyi istiqamətdə təhsil alma imkanı əldə etdi. Üçüncü qrupda keçid ballarının yüksəlməsi (müəyyən ixtisaslarda 100–150 bal) başadüşüləndir. Bu qrupda hüquq və ingilis dili müəllimliyi kimi ixtisaslar əksər abituriyentin seçimi olan ixtisaslardır. Birinci qrupda keçid ballarının aşağı düşməsi və plan yerlərinin çoxalması, əsasən dövlət sifarişli yerlərin artması ilə əlaqədardır. Bu il ümumi olaraq yüksək bal toplayanlar (600+ bal) keçən ilə görə az idi. Ona görə 1-ci və 2-ci qrupda keçid ballarının aşağı düşməsi gözlənilən idi”.
Müsahibimiz söyləyib ki, ümumi nəticələrin statistikası məlum olmasa da, təxmin eləmək çətin deyil ki, bu il daha yüksəkdir: “Söhbət ümumi bal ortalamasından gedir. Bu da gənclərin texniki və texnoloji inkişafa marağını göstərir. Əmək bazarında bu istiqamətdə iş imkanları daha genişdir: kibertəhlükəsizlik, kompüter mühəndisliyi, data analitikası və s. Bu il yeni açılmış ixtisaslardan biri də data analitikasıdır. Həmçinin Qarabağ Universitetində tibb sahəsi ilə bağlı ixtisaslar açıldı: tibb, tibb bacısı, tibb qardaşı. İxtisaslar ilk dəfə açılmasına baxmayaraq, yüksək bal toplayan abituriyentlərin seçimi oldu. Dediyim kimi, keçən illə müqayisədə ciddi bir fərq olmasa da, müəyyən qruplarda keçid ballarının düşməsi və plan yerlərinin artması halları müşahidə olundu. Beləliklə, ümumi müsabiqədə iştirak edən abituriyentlərin seçim şansları çoxaldı”.
Nicat Rüstəmzadə
22:02 26.08.2025
Oxunuş sayı: 980