Hesab edirəm ki, rus bölmələrinə münasibətimizi bir daha formalaşdırmalıyıq — AÇIQLAMA

2025–2026-cı tədris ilindən etibarən rus bölməsində təhsil alan V və VI sinif şagirdləri “Azərbaycan tarixi” fənnini Azərbaycan dilində öyrənəcəklər. Bu addım yalnız dil siyasətinin gücləndirilməsi deyil, eyni zamanda milli-mənəvi yaddaşın formalaşmasında dilin birləşdirici rolunun önə çəkilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Yeni yanaşma şagirdlərin tarixi bilikləri ana dilində mənimsəməsini təmin etməklə, onların həm akademik dil bacarıqlarını inkişaf etdirəcək, həm də milli kimlik duyğusunu möhkəmləndirəcək. Elm və Təhsil Nazirliyi tərəfindən verilən bu qərar, son illərdə aparılan dil və təhsil siyasətinin məntiqi davamıdır. Dövlət dilinin tədrisdəki mövqeyinin gücləndirilməsi, yalnız dilin qorunması deyil, həm də milli birliyin və ideoloji bütövlüyün təmin olunması məqsədi daşıyır. Bu addım təhsil sisteminin ideoloji funksiyasını daha açıq şəkildə ortaya qoyur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov ilk olaraq bildirib ki, 2025–2026-cı tədris ilindən ümumtəhsil müəssisələrinin tədris dillərində aparılan V və VI siniflərdə Azərbaycan tarixinin Azərbaycanda tədris olunması Azərbaycan təhsili üçün çox mühüm hadisələrdən biridir:
“Təhsilin ilk və ümdə vəzifəsi sağlam vətəndaş yetişdirməkdir. Sağlam vətəndaş öz tarixini bilməli, öz kökünə, dəyərlərinə bağlı olmalıdır. Hesab edirəm ki, bu, təhsilin missiyalarından biridir və Azərbaycan Respublikasında tədris digər dillərdə aparılan siniflərdə mütləq şəkildə Azərbaycan tarixi tədris olunmalıdır. Azərbaycan tarixi — Azərbaycan həqiqətləri deməkdir. O, həm keçmişimizdir, həm bu günümüzdür və eyni zamanda gələcək üçün ibrət götürməli olduğumuz, vətəndaş olaraq sağlam ruhda tərbiyə olunmağımız deməkdir. Bu mənada mən hesab edirəm ki, bunun çox böyük əhəmiyyəti var və uzunmüddətli perspektivdə bu qərarın təhsil sisteminə və cəmiyyətimizə kifayət qədər müsbət təsiri olacaq. Qeyd etdiyim məqamları özündə birləşdirməklə, bütövlükdə cəmiyyətimiz, dövlətimiz və Vətənimiz üçün biz milli dəyərlərə malik, tariximizi, keçmişimizi və bu günümüzü bilən vətəndaş yetişdirmək missiyasını həm də bu üsulla formalaşdıra bilərik. Azərbaycan məktəblərində növbəti tədris illərində bunun yuxarı siniflərdə tətbiqini olduqca zəruri və vacib hesab edirəm. Tariximizi bilməyimiz bizim ideoloji baxımdan vətəndaş yetişdirmək naminə çox böyük dəyərə malikdir. Bu baxımdan hesab edirəm ki, növbəti illərdə daha yuxarı siniflərdə, tədrisin digər dillərdə aparıldığı siniflər üçün bunun böyük əhəmiyyəti var”.
İ.Orucovun sözlərinə görə, rus bölmələrinin ləğv olunması ilə bağlı son aylarda kifayət qədər müzakirələr aparılıb.
“Açıq deyim ki, mən rusdilli bölmələrin ləğv olunması ilə bağlı əvvəlki illərdə səslənən fikirlərə şərik olmamışam. Fikirləşmişəm ki, dili bilmək həm də o dildə elmi ədəbiyyatlara çıxış deməkdir, o dildə daha çox mütaliə etmək imkanları deməkdir. Həm də fərqli mədəniyyətləri əks etdirmək və özündə birləşdirmək deməkdir. Amma görünən odur ki, xüsusilə son aylarda Rusiya dövlətinin Azərbaycan Respublikasına qarşı olan ideoloji təhdidləri və haqsız münasibəti — biz bu haqsız münasibəti təkcə son aylarda deyil, müstəqilliyimizin ilk illərindən, hətta Cümhuriyyət dövründən bəri hiss etmişik. Bütövlükdə artıq Rusiya dövləti və cəmiyyəti özünü işğalçı dövlət və cəmiyyət kimi təqdim etməkdədir. Belə olduğu təqdirdə hesab edirəm ki, rus bölmələrinə münasibətimizi bir daha formalaşdırmalıyıq. Bu dildə Azərbaycan dövlətinin büdcəsi hesabına bu tədrisin ləğvi məsələsini gələcəkdə daha ciddi şəkildə müzakirə edə bilərik. Bu, təbii ki, həm də siyasi qərar olmalıdır. Çünki Azərbaycan dövləti qonşulara və digər xalqlara qarşı hər zaman xoşməramlı münasibət ifadə edib. Amma biz bu münasibəti qonşu dövlətdən — illərlə strateji tərəfdaş kimi yaxın münasibətlər qurmaq istədiyimiz dövlətdən — təəssüf ki, görə bilmədik. Belə olduğu təqdirdə, əgər onların münasibəti dəyişməzsə və əvvəlki xəttlərini davam etdirərlərsə, rus bölmələrinin ləğvi məsələsinə mütləq şəkildə baxmalıyıq”.
Nəzrin Salmanova
18:25 22.08.2025
Oxunuş sayı: 939