Dövlət Komitəsi: Sosial mediada səs yazısı yayılmış keçmiş məcburi köçkünə Biləsuvarda boş mənzil təklif edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sosial mediada keçmiş məcburi köçkünün yayılmış səs yazısı ilə tanış olub. Bu səs yazısı Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkünə məxsusdur.
Crossmedia.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, 4 nəfərdən ibarət ailə Sumqayıt şəhərində Verdiyev Vəkil Rza oğluna məxsus mənzildə müvəqqəti məskunlaşıb: “Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi mövcuddur və komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar, Vəkil Verdiyevin müraciətini nəzərə alaraq, keçmiş köçkünə ailə tərkibinə uyğun olaraq, Dövlət Komitəsinin Biləsuvar rayonunda yerləşən qəsəbədə boş mənzil fondundan yaşayış sahəsi təklif edilib. Lakin o, həmin mənzilə köçməkdən imtina edib. Bu səbəbdən, Vəkil Verdiyevin məhkəmə qərarının icrası ilə bağlı aidiyyəti quruma müraciət etməsi qanunauyğundur”.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır: “Keçmiş məcburi köçkünlər bərpa qrafikinə uyğun olaraq, mərhələli şəkildə doğma yurdlarına köçürülür. Qubadlı rayonunun Muradxanlı kəndi də bərpa edildikdən sonra yuxarıda qeyd edilən ailənin köçürülməsi qanunauyğun formada icra ediləcək və onun hazırda müvəqqəti məskunlaşdığı mənzil sahibinə təhvil veriləcək".
16:03 22.08.2025
Oxunuş sayı: 742