Qadınlar da avtobus sürəcək: Etibar etmək olar? - Ekspertlər danışdı

Azərbaycanda ictimai nəqliyyatda qadın sürücülərin sayı artırılır və yaxın gələcəkdə Bakı şəhərində avtobusların sükanı arxasında qadınları görmək mümkün olacaq. Bu təşəbbüs çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülər üçün xüsusi təlimlərə start verib, onların peşəkarlığını artırmaq və ictimai nəqliyyatda iştirakını genişləndirmək məqsədi daşıyır. Eyni zamanda, “BakuBus” şirkəti də qadın sürücülər üçün vakansiya elan edib və beləliklə, ictimai nəqliyyatda gender balansının yaradılmasına dəstək göstərir. Bu addım ölkədə ictimai nəqliyyat sahəsində qadınların rolunun artırılması və peşə imkanlarının genişləndirilməsi baxımından önəmli hesab olunur.
Bakı şəhərində qadın sürücülərin avtobuslarda çalışması həm gender bərabərliyini, həm də ictimai nəqliyyatın modernləşməsini göstərir. Bu təşəbbüs qadınların peşə imkanlarını artırmaqla yanaşı, cəmiyyətin qadınlara münasibətində müsbət dəyişikliklərə yol açır. Həmçinin, belə addımlar nümunəvi təşəbbüs kimi digər sahələrdə də tətbiq oluna bilər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib.
O, bu məsələnin sərnişin-sürücü münasibətlərinin tənzimlənməsində böyük rola malik olacağını bildirib: “Bildiyimiz kimi, qadın sürücülərin işə qəbul edilməsi ənənəsi Bakı nəqliyyatında mövcud idi. Buna keçmişdə tramvay və trolleybusların idarə edilməsi zamanı xanımlardan ibarət olan sürücü heyətinin olması və digər sahələr üzrə qadınların sürücülük hüququndan istifadə etməklə sərnişin daşımanı etməyin mümkünlüyü ən böyük nümunədir. Və xanımların sürücülük etməsi bu cəmiyyətdə müsbət qarşılanacaq bir hal olacaq. Bu hal hər hansı bir sərnişin-sürücü münasibətlərinin tənzimlənməsində böyük rola malik olacaq. Çünki adətən biz sosial şəbəkələrdən və digər vasitələrdən görürük ki, mütəmadi olaraq kişi sürücülər ilə sərnişinlərin münaqişəsi halları yaranır. Düzdür belə hallarda da müəyyən haqlı, haqsız faktorları mövcuddur. Bu hal danılmazdır. Amma xanım heyəti olaraq bu işə cəlb olunarlarsa, burada mənfi hal yaranmayacaq. Ümumiyyətlə bu xarici ölkələrin praktikalarında da belə hallar təkrarlanır. Məsələn, ümumi nəqliyyat vasitələrinin sürücülərində xanımlara rast gəlmək olur. İstər təyyarə, istər qatar, istərsə də avtobus. Qeyd etdiyimiz kimi, bu sistem bizdə də niyə olmasın ki?Potensial varsa, sürücü xanımlar varsa Azərbaycan niyə bundan yararlanmasın? Biz niyə bundan yararlanmayaq?”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə mövzuya müsbət yanaşdığını bildirsə də, xanımlarımıza incə işlərin təklif olunmasını istədiyini bildirib: “Qadınlara hansı hüquqlar verilirsə, mən müsbət qarşılayıram. Qadınlar avtobus idarə edə bilər. Maşın sürən avtobus da sürər. İndi şəhərin yarısı maşın sürən qadın sürücülərimizdir. Əlbəttə, avtobus da sürə bilərlər. Sadəcə, mən istərdim ki, bizim xanımlarımıza daha incə işlər versinlər, daha gözəl işlər təklif etsinlər, nəinki avtobus sürməyi. Bu mənim şəxsi fikrimdir, amma yenə də bu məsələ ilə bağlı fikirlərim müsbətdir”.
Nicat Rüstəmzadə
16:22 15.08.2025
Oxunuş sayı: 1730